02 iyul 2026 14:03
72

İrandan ABŞ və İsrailə sərt xəbərdarlıq

İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı Əli Xamenei ilə vida mərasimi günlərində ölkəyə qarşı hər hansı bir təcavüzün qarşısının qətiyyətlə alınacağını bəyan edib. İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı keçmiş ali rəhbər Əli Xamenei ilə vida mərasimi günlərində ABŞ, İsrail və onların müttəfiqlərini İslam Respublikasına qarşı hər hansı bir hərəkətdən çəkinməyə çağırıb və onlara xəbərdarlıq edib.

“İki sahil” xəbər verir ki,  Qərargah komandanı Əli Abdollahi tərəfindən edilən və ölkənin rəsmi IRIB telekanalında yayımlanan müraciətdə bildirilir ki, "İranın düşmənləri" hər hansı bir "səhv hesablama və yanlış addımdan" qəti şəkildə qaçınmalıdırlar.

"Biz hər kəsi ölkəmizə qarşı yönələ biləcək istənilən təhdid və təcavüzə qarşı İran Silahlı Qüvvələrinin verəcəyi amansız, sarsıdıcı və ayıldıca cavab barədə dərindən düşünməyə çağırırıq", - deyə bəyanatda vurğulanıb.

Məlum olduğu kimi, Xamenei ilə vida və dəfn mərasimləri  4–9 iyul tarixlərində keçiriləcək.