02 iyul 2026 13:47
96

Peskov: "Sibirin Gücü-2" layihəsi üzrə Rusiya-Çin sazişinin təsdiqlənmə müddəti hələlik məlum deyil

Rusiya və Çin arasında "Sibirin Gücü-2" (Сила Сибири-2) qaz kəmərinin tikintisinə dair dialoq korporativ səviyyədə davam edir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Onun sözlərinə görə, razılaşmaların sentyabrda keçiriləcək Şərq İqtisadi Forumunda (ŞİF) rəsmiləşdiriləcəyini söyləmək hələ tezdir.

Peskov keçirdiyi brifinqdə mövzu ilə bağlı bunları qeyd edib: "Hələlik bizdə belə bir məlumat yoxdur... Sözsüz ki, korporativ səviyyədə bu mövzunun müzakirəsi davam etdiriləcək. Lakin yekun qərarın forumda qəbul edilib-edilməyəcəyini mən indidən deyə bilmərəm".

Məhz bu bəyanatdan bir qədər əvvəl Monqolustanın Rusiyadakı ticarət nümayəndəsi Ninc Demberel sentyabrda baş tutacaq Şərq İqtisadi Forumunda "Sibirin Gücü-2" layihəsi üzrə Rusiya-Çin danışıqlarında ciddi irəliləyiş gözlədiyini bildirmişdi. O qeyd etmişdi ki, Moskva və Pekin hazırda layihənin texniki detallarını, o cümlədən tədarük həcmini, qiymət siyasətini və icra müddətlərini razılaşdırırlar.

"Sibirin Gücü-2" layihəsi qazın Qərbi Sibirdən Çinə ixrac edilməsi üçün nəzərdə tutulub. Xatırladaq ki, 2025-ci ilin sentyabrında "Gazprom"un rəhbəri Aleksey Miller Çinin CNPC şirkəti ilə illik gücü 50 milyard kubmetr olan bu qaz kəmərinin, eləcə də Monqolustandan keçəcək "Soyuz Vostok" tranzit qolunun tikintisinə dair memorandumun imzalandığını bəyan etmişdi.