Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunmasında qeyri-neft sektorunun gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Son illərdə həyata keçirilən iqtisadi islahatlar, ixracın təşviqi mexanizmlərinin genişləndirilməsi, sahibkarlığa göstərilən dövlət dəstəyi və istehsal potensialının artırılması bu istiqamətdə mühüm nəticələr verməyə başlayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi 2026-cı ilin iyun ayı üzrə "İxrac icmalı" da bunu bir daha təsdiqləyir.
Hesabata əsasən, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 1,5 milyard ABŞ dollarına çatıb. Təkcə may ayında qeyri-neft ixracı illik müqayisədə 27,2 faiz artaraq 396,7 milyon ABŞ dolları təşkil edib. Bu dinamika qeyri-neft məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artdığını və ixracın daha dayanıqlı əsaslar üzərində formalaşdığını göstərir.
Qeyri-yeyinti məhsulları ixracında daha yüksək artım
Statistik göstəricilər göstərir ki, artım yalnız ənənəvi kənd təsərrüfatı məhsulları hesabına deyil, sənaye məhsullarının ixracı hesabına da təmin olunur. Hesabat dövründə yeyinti məhsullarının ixracı 23,8 faiz artaraq 144,6 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı isə 30,7 faiz artaraq 288,5 milyon ABŞ dollarına yüksəlib. Bu göstəricilər sənayeləşmə siyasətinin nəticələrinin artıq xarici ticarətdə də özünü göstərdiyini, ölkədə yaradılan istehsal müəssisələrinin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndiyini nümayiş etdirir.
Emal sənayesi ixracın lokomotivinə çevrilir
İcmalda diqqət çəkən məqamlardan biri emal sənayesi məhsullarının ixracındakı yüksək artımdır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə şəkər ixracı 4,2 dəfə, pambıq ipliyi 2,4 dəfə, bitki və heyvan mənşəli piylər və yağların ixracı 57 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 44,6 faiz, pambıq lifinin ixracı 25 faiz, meyvə-tərəvəz ixracı 18,6 faiz, çay ixracı 16,8 faiz, spirtli və spirtsiz içkilərin ixracı isə 6 faiz artıb. Bu rəqəmlər Azərbaycanın yalnız xammal deyil, əlavə dəyər yaradan emal məhsullarının ixracını da sürətlə artırdığını göstərir.
Aqrar ixrac yüksəlişini davam etdirir
Kənd təsərrüfatı və aqrar-sənaye kompleksi də ixracın əsas hərəkətverici qüvvələrindən biri olaraq qalır. Yanvar-may aylarında aqrar məhsulların ixracı 25,2 faiz artaraq 414,5 milyon ABŞ dollarına, aqrar-sənaye məhsullarının ixracı isə 39 faiz artaraq 160,5 milyon ABŞ dollarına yüksəlib. Beləliklə, aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı 575,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz çoxdur.
İxracın əsas məhsulları
Hesabat dövründə qeyri-neft sektorunun ixracında ən böyük gəliri 167,6 milyon ABŞ dolları ilə qızıl təmin edib. Ondan sonra 119,8 milyon ABŞ dolları ilə tomat, 112,5 milyon ABŞ dolları ilə mis filizləri qərarlaşıb. May ayının nəticələrinə nəzər saldıqda isə liderliyin 44,6 milyon ABŞ dolları ilə tomata məxsus olduğu görünür. Həmin ay qızıl 36,5 milyon ABŞ dolları, çiyələk isə 26,6 milyon ABŞ dolları həcmində ixrac olunaraq ilk üçlüyü tamamlayıb.
Ən böyük ixrac bazarları
Azərbaycanın qeyri-neft məhsullarının əsas ixrac istiqamətləri də sabitliyini qoruyur. Yanvar-may aylarında Rusiya Federasiyasına 433,7 milyon ABŞ dolları, Türkiyəyə 306,1 milyon ABŞ dolları, Gürcüstana 229,7 milyon ABŞ dolları, İsveçrəyə 178,7 milyon ABŞ dolları, Ukraynaya isə 67,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. May ayında da Rusiya və Türkiyə əsas tərəfdaşlar olaraq qalıb. Həmin dövrdə Rusiyaya 127,1 milyon ABŞ dolları, Türkiyəyə 86,8 milyon ABŞ dolları, Gürcüstana 53,8 milyon ABŞ dolları, İsveçrəyə 39,1 milyon ABŞ dolları, ABŞ-a isə 15,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu göndərilib.
"SOCAR Polymer" MMC lider mövqeyini qoruyur
Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk sıralarda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycandakı nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC və "AGRARCO" MMC yer alıb. Dövlət şirkətləri arasında isə "SOCAR Polymer" MMC lider mövqeyini qoruyur. Siyahıda, həmçinin "AzerGold" QSC, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ASC, "SOCAR Cape" MMC və "Naxçıvan Enerji" MMC də yer alır.
Rəqəmsal xidmət ixracı da artır
İxracın yalnız məhsullarla məhdudlaşmadığı da hesabatda öz əksini tapıb. Belə ki, 2026-cı ilin yanvar-may aylarında "Azərkosmos" dünyanın 33 ölkəsindən 90-a yaxın şirkətə ümumilikdə 10,8 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərib. Agentliyin ümumi gəlirlərinin 63 faizi ixrac əməliyyatlarının payına düşüb. Ən böyük xidmət ixracı 1,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallığa, 1,3 milyon ABŞ dolları ilə Lüksemburqa həyata keçirilib. Sonrakı yerlərdə Türkiyə, Pakistan və İsveç qərarlaşıb.
Yeni iqtisadi modelin nəticələri
İİTKM-nin açıqladığı rəqəmlər göstərir ki, Azərbaycanın qeyri-neft ixracı artıq yalnız ənənəvi kənd təsərrüfatı məhsulları ilə məhdudlaşmır. Emal sənayesinin, metallurgiyanın, kimya sənayesinin, aqrar-sənaye kompleksinin, eləcə də rəqəmsal xidmətlərin ixracdakı payı getdikcə artır.
Bu dinamika ölkədə həyata keçirilən iqtisadi şaxələndirmə siyasətinin real nəticələr verdiyini, qeyri-neft sektorunun milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən birinə çevrildiyini göstərir. Qeyri-neft ixracındakı artım həm valyuta gəlirlərinin sabitləşməsinə, həm də yeni istehsal sahələrinin və məşğulluğun genişlənməsinə mühüm töhfə verir. Bu isə Azərbaycanın gələcək iqtisadi inkişaf modelinin daha dayanıqlı və rəqabətqabiliyyətli əsaslar üzərində formalaşdığını nümayiş etdirir.
Orxan Vahidoğlu, “İki sahil”
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib