27 iyun 2026 18:15
78

Dövlət ehtiramının növbəti təzahürü

Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri dövlət təltifinə layiq görülüblər. Şübhəsiz, bu Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə göstərilən yüksək dövlət ehtiramının növbəti təzahürüdür. Təltif olunanların sırasında Quba rayonunun Alpan kəndində boya-başa çatmış Murtuzov Mehdi Muxtar oğlu və Balayev Orxan Vidadi oğlu da var. Onlar 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər. 

Şəhidlərin valideynləri - Murtuzov Muxtar və Balayev Vidadi “İki sahil”ə açıqlamarında bildirdilər ki, Prezidentin imzaladığı Sərəncam ailələrinə bir daha böyük qürur yaşadıb. Vurğuladılar ki, məhz onların rəşadəti və qəhrəmanlığı hesabına bu gün Qarabağ, Şərqi Zəngəzur dirçəlir, üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə dalğalanır.

Xatırladaq ki, Mehdi Murtuzov 2020-ci ilin sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində şərti adı “Üçtəpələr” olan döyüş mövqeyində hərbi tapşırığı yerinə yetirərkən qolundan yaralanıb. Yaralı olmasına baxmayaraq xahişi ilə yenidən döyüşlərə atılıb. Oktyabrın 2-də Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər Mehdinin son döyüşü olub. Belə ki, həmin döyüşdə düşmən snayperinin açdığı atəşə tuş gələn Mehdi şəhidlik zirvəsinə yüksəlib. Ordumuzun şanlı Zəfərindən sonra, daha doğrusu, noyabr ayının 23-də, yəni 53 gündən sonra Mehdinin qarın altında qalmış nəşi şəhid olduğu ərazidən götürülüb və bir gün sonra boya-başa çatdığı Alpan kəndindəki Subaba qəbiristanlığında torpağa tapşırılıb. Murtuzov Mehdi Muxtar oğlu Vətən müharibəsində göstərdiyi igidliyə görə “İgidliyə görə”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Orxan Vidadi oğlu Balayev Orxan Balayev Vətən müharibəsinin ilk günlərindən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Tərtər və Ağdərə istiqamətində düşmənə qarşı vuruşub. Həmlə qruplarında snayperçi kimi yer alan qəhrəman döyüşçü düşmən tanklarının ələ keçirilməsində fəal iştirak edib. O, döyüş bölgəsində çəkiliş aparan müxbirə qənimət kimi ələ keçirilən düşmən tankının üstündə müsahibə verərək, müzəffər ordumuz tərəfindən tezliklə qələbə əldə olunacağını, xalqımızın Qarabağ həsrətinə son qoyulacağını da əminliklə bildirmişdi. Suqovuşan uğrunda döyüşlərdə iştirak edən Orxan sonuncu dəfə oktyabrın 6-da ailəsi ilə əlaqə saxlayıb.  Oktyabrın 15-də isə Orxanın itkin düşməsi xəbəri yayılıb. Məlum səbəblərdən onun da nəşini döyüş bölgəsindən çıxarmaq mümkün olmayıb. Orxanın nəşi noyabrın 30-da ailəsinə təhvil verilib. O, Alpan kəndidəki Aşağı qəbiristanlıqda dəfn olunub. Ölümündən sonra şəhid Orxan Balayev "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Alpan kəndində dünyaya göz açan kapitan Aqil Niyaz oğlu Məlikov da şəhidlik zirvəsinə yüksəlib. O, Vətən müharibəsinin ilk günündə döyüşlərə atılıb, Füzulinin bir neçə kəndini azad etdikdən sonra Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə şəhid olub. A. Məlikov Prezident İlham Əliyevin  sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Yeri gəlmişkən, onu da vurğulayaq ki, Alpan kəndində həm Orxanın, həm Mehdinin, həm də Aqilin adını daşıyan bulaqlar inşa olunub. Alpanın digər şəhidləri kimi, onların da əziz xatirəsi kəndimizdə şəhid ataları - Muxtar Murtuzovun və Vidadi Balayevin təşəbbüsü ilə inşa olunmuş “Qəhrəman şəhidlər”abidə- kompleksində əbədiləşdirilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”