26 iyun 2026 13:46
87

Dövlət Komissiyası: Narkomaniya ilə bağlı uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılıb

Müasir dünyanın əsas problemlərindən biri hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal xarakter alaraq, bəşəriyyət üçün böyük təhlükə yaradır. Bu baxımdan, dünya dövlətləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının aşkar edilməsi və qanunsuz dövriyyəsinin qarşısının alınması, habelə bu fəaliyyət nəticəsində dəyə biləcək zərərlərin minimuma endirilməsi məqsədilə narkomanlığa qarşı mübarizə üsullarını və müalicə metodlarını daha da təkmilləşdirir və beynəlxalq səviyyədə qarşılıqlı əməkdaşlıq imkanlarını artırır.

Qlobal miqyasda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi üzrə müşahidə edilən dinamika bu təhdidlərə münasibətdə həm beynəlxalq, həm də regional səviyyədə əlaqələndirilmiş mübarizə tədbirlərinin görülməsini zəruri edir.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2030-cu ilə qədər dünyada narkotik istifadəçilərinin sayının əlavə 11 faiz artmasına dair proqnozları qlobal miqyasda narkotik istifadəsinin ciddi bir problem olaraq qaldığını göstərir və bu sahədə daha effektiv tədbirlərin həyata keçirilməsi, dövlətlər üçün milli təhlükəsizliyin təmin edilməsi baxımından yeni çağırışlar doğurur.

“İki sahil” xəbər verir ki, bu barədə 26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AZƏRTAC-ın sorğusuna verilən cavabda bildirilib.

Məqsədyönlü siyasət və qlobal çağırışlar

Qeyd edilib ki, Azərbaycanda narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində mühüm işlər görülüb. Bununla yanaşı, ölkəmiz BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasına, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasına, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasına və digər beynəlxalq sazişlərə qoşulub. Bu da narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin beynəlxalq prinsip və normalar əsasında gücləndirilməsinə təminat verib.

Həmçinin vurğulanıb ki, XXI əsrin qlobal trendləri və müasir çağırışları rəqəmsal nəzarət sistemlərinin və hüquqi çərçivədə innovativ metodların tətbiqini zəruri edir. Bu yanaşma narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə müasir çağırışlara cavab verən və dayanıqlılıq təmin edən bir sistemin qurulmasına əsas verir.

Beləliklə, Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü siyasət və səmərəli tədbirlər, həmçinin qlobal çağırışlar narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da sistemli təşkilini tələb edir. Bu sahədə yüksəkixtisaslı kadr potensialının yaradılması, narkoloji xidmət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi və antinarkotik təbliğatı işlərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi əsas vəzifələrdən biri hesab edilir.

Hədəf və prioritet istiqamətlər

Prezident İlham Əliyevin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Proqramının əsas məqsədi müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası sahəsində yeni üsulların tətbiqi, normativ hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Dövlət Proqramında bu sahədə müşahidə edilən qlobal trendlər və onların ölkə potensialına təsirləri qiymətləndirilib, mövcud vəziyyət təhlil edilib, uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılıb, hədəf göstəriciləri və prioritet istiqamətlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təsbit edilib. Bu istiqamətdə qarşıya qoyulmuş işlər aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları tərəfindən uğurla davam etdirilir.

Səmərəli işin təşkili

Normativ hüquqi bazanın təkmilləşdirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi sahəsində işin təşkilinin və nəzarətin gücləndirilməsi, narkomaniya ilə bağlı müalicə alan şəxslər üzərində daha keyfiyyətli müalicə və nəzarət mexanizminin yaradılması, müalicə metodikasının təkmilləşdirilməsi, narkoloji tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi və maddi-texniki təchizatının yaxşılaşdırılması, aidiyyəti qurumlarla əməkdaşlığın, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon və şəhər komissiyalarının fəaliyyətlərinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Əməliyyat-axtarış və istintaq, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində fəaliyyət gücləndirilib, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işi, o cümlədən uşaq və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işləri genişləndirilib.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi sahəsində işin daha səmərəli təşkili və müvafiq komissiyaların işinin daha dəqiq tənzimlənməsi və onların regionlarda fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi üçün mövcud normativ hüquqi baza təkmilləşdirilib.

Göstərilən istiqamətdə fəaliyyətin gücləndirilməsi, yeni üsul və metodların tətbiqi məqsədilə çəkilmiş sənədli və bədii filmlərin, həmçinin maarifləndirici proqramların nümayiş etdirilməsi, sosial şəbəkələrin imkanlarından istifadə edilməklə geniş auditoriya üçün nəzərdə tutulmuş maarifləndirici və təbliğat xarakterli materialların yayılması təşkil edilib.