24 iyun 2026 14:52
78

Lavrov: Rusiya Ukraynaya nümayəndə heyətlərinin rəhbərlik səviyyəsini qaldırmağı təklif edib

Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda Rusiya tərəfi üç işçi qrupunun yaradılmasını təklif edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bəyan edib. Onun sözlərinə görə, Rusiya tərəfi həmçinin hər iki nümayəndə heyətinin rəhbərlik səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsini istəyib.

Lavrovun iddialarına görə, Ukrayna tərəfi danışıqlarda "yalnız humanitar məsələlərlə məşğul olan" və "aşağı səviyyəli rəhbərlərin" iştirakından narazılıq edib: "Biz onlara nümayəndə heyətlərinin rəhbərliyini çox yüksək səviyyəyə — dəqiq hansı səviyyə olduğunu deyə bilmərəm, amma kifayət qədər yüksək səviyyəyə qaldırmağı təklif etdik. Eyni zamanda, üç işçi qrupunun: humanitar, siyasi və hərbi məsələlər üzrə qrupların yaradılmasını irəli sürdük."

Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə keçirilən son danışıqlar bu ilin fevral ayında Əbu-Dabidə baş tutub. Həmin vaxt Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin rəisi, admiral İqor Kostyukov, Ukrayna heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edirdi.

Cari ilin iyun ayında Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə açıq məktub ünvanlayaraq, münaqişənin nizamlanması üçün üçüncü bir ölkədə — İsveçrə, Türkiyə və ya ərəb dövlətlərindən birində danışıqlar aparmağı təklif edib.

Rusiya Prezidenti isə cavabında bildirib ki, hazırkı mərhələdə Zelenski ilə şəxsi görüşün keçirilməsində hər hansı bir məna görmür.