24 iyun 2026 14:41
90

BMT bütün dünyada nüfuzunu itirir - Baş katibliyə namizəd

BMT-yə üzv dövlətlər və qlobal ictimaiyyət təşkilatın nə dərəcədə səmərəli və effektiv fəaliyyət göstərdiyini tam anlamır.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant"a müsahibəsində BMT-nin Baş katibi vəzifəsinə namizəd Mariya Fernando Espinosa bəyan edib. Onun sözlərinə görə, BMT-də islahatların aparılmasının əsl mənası təşkilatın əvəzolunmazlığını nümayiş etdirməkdir.

Espinosa beynəlxalq qurumun imic problemi ilə üzləşdiyini vurğulayıb: "İctimaiyyətin gözündə, bütün dünyadakı insanların nəzərində BMT öz təsirini və nüfuzunu itirir. Hesab edirəm ki, biz BMT-nin nə ilə məşğul olduğu və hansı meyarlara görə qiymətləndirilməli olduğu barədə insanları daha yaxşı məlumatlandırmalıyıq. Təşkilat qəbul edilən qətnamələrin sayına görə yox, xilas etdiyi insanların həyatına, qoruduğu şəxslərə və doyurduğu uşaqların sayına görə qiymətləndirilməlidir."

Namizədin fikrincə, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün cəmiyyətlə kommunikasiyanı düzgün qurmaq lazımdır. O qeyd edib ki, BMT tez-tez fəaliyyətsizlikdə ittiham olunsa da, əslində qlobal təşkilat "səssiz və gözəgörünməz bir iş" yerinə yetirir: "BMT-nin neçə insanın yoxsulluqdan xilas olmasına kömək etməsi, aclıq şəraitində neçə nəfəri qida ilə təmin etməsi mühümdür. Humanitar ehtiyacların ödənilməsində neçə nəfərə dəstək göstərildiyi və münaqişələr zamanı neçə dinc sakinin mühafizəsinin təmin edildiyi əsas götürülməlidir."

BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır. Yeni Baş katib seçkiləri isə bu ilin iyul ayının sonunda keçiriləcək. Hazırda bu posta beş namizəd iddialıdır. Mariya Fernando Espinosanın namizədliyi Antiqua və Barbuda tərəfindən irəli sürülüb. O, keçmişdə BMT Baş Assambleyasına rəhbərlik edib, həmçinin Ekvadorun xarici işlər və müdafiə naziri vəzifələrində çalışıb.