24 iyun 2026 14:35
81

Ukrayna-Belarus sərhədində vəziyyət gərginləşir

Ukrayna ilə Belarusun dövlət sərhədində vəziyyət getdikcə kəskinləşir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanındakı daimi nümayəndəsi Viktor Vasilyev bəyan edib.

Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində jurnalistlərə açıqlama verən Vasilyev regiondakı hərbi aktivliyə diqqət çəkib:

"Ukrayna və Belarus sərhədində vəziyyət gərginləşməyə başlayır. Bununla yanaşı, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiya ərazisinə daxil olması artıq demək olar ki, hər gün təkrarlanan bir təcrübəyə çevrilir."

Bir müddət əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da mövzu ilə bağlı mühüm məlumat paylaşmışdı. O bildirmişdi ki, Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko yaxın vaxtlarda baş tutacaq təmasları zamanı Vladimir Zelenskinin Minskə yönəlik təhdidlərini masaya yatıracaqlar.

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov isə rəsmi Mosvkanın müttəfiqlik öhdəliklərinə sadiq olduğunu xatırladıb. Nazir vurğulayıb ki, Rusiya tərəfi Belarusun təhlükəsizliyini tam şəkildə təmin etmək üçün lazım olan bütün adekvat addımları atmağa tam hazırdır.