23 iyun 2026 15:37
105

“Neyron” platforması gələcəyin rəqəmsal bacarıqlarının formalaşmasına xidmət edir

Süni intellekt texnologiyalarının sürətli inkişafı təhsil sistemində yeni yanaşmaların tətbiqini zəruri edir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri də gənclərin və geniş ictimaiyyətin süni intellekt sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş “Neyron” platformasıdır.

Milli Süni İntellekt Mərkəzinin Marketinq Departamentinin rəhbəri Cəmalə Məmmədzadə “İki sahil” qəzetinə özəl müsahibəsində bildirib ki, süni intellekt texnologiyaları həyatımızın bütün sahələrinə sürətlə inteqrasiya olunduqca, bu sahədə bilik və bacarıqların erkən yaşlardan formalaşdırılması strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, uşaqlar və gənclər müxtəlif rəqəmsal texnologiyalardan istifadə etsələr də, süni intellektin necə işlədiyi, hansı prinsiplərə əsaslandığı və gələcəyin peşələrinə necə təsir göstərəcəyi barədə sistemli bilik əldə etmək imkanları məhduddur.

Cəmalə Məmmədzadə qeyd edib ki, “Neyron” məhz bu ehtiyacdan yaranıb. O vurğulayıb ki, platformanın məqsədi süni intellekti sadəcə istifadə olunan texnologiya kimi deyil, başa düşülən və öyrənilən bir sahə kimi təqdim etməkdir.

Departament rəhbəri bildirib ki, layihə Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında müəyyən edilmiş süni intellekt savadlılığının artırılması, insan kapitalının inkişafı və gələcək bacarıqların formalaşdırılması istiqamətlərinə töhfə verməyi hədəfləyir.

C.Məmmədzadənin sözlərinə görə, “Neyron” platforması vasitəsilə daha geniş auditoriyanın süni intellekt mövzusunda məlumatlılığının artırılması və gələcəyin rəqəmsal iqtisadiyyatı üçün hazırlıqlı nəslin formalaşdırılması nəzərdə tutulur.

Yaqut Ağaşahqızı,”İki sahil”