23 iyun 2026 10:58
90

İnternetin sürəti niyə gələcəyin tələbləri əsasında müəyyən edilməlidir?

Rəqəmsal transformasiyanın sürətləndiyi müasir dövrdə internet artıq sadəcə informasiya axtarışı və ya əyləncə vasitəsi deyil. “İki sahil” xəbər verir ki, təhsil, səhiyyə, dövlət xidmətləri, biznes prosesləri və müasir texnologiyaların fəaliyyəti birbaşa keyfiyyətli internet bağlantısından asılıdır. Bu səbəbdən internet xidmətləri üzrə sürət göstəricilərinin müəyyən edilməsi yalnız bugünkü istifadəçi davranışına əsaslanmamalıdır. Dövlətlərin tənzimləyici qərarları həm mövcud infrastrukturu, həm beynəlxalq inkişaf tendensiyalarını, həm də yaxın illərdə formalaşacaq yeni texnoloji tələbləri qabaqlamalıdır. Əsas məqsəd ölkənin rəqəmsal iqtisadiyyatını və vətəndaşların gündəlik rəqəmsal ehtiyaclarını gələcək inkişaf tempinə tam uyğunlaşdırmaqdır. 

Keçmişdən gələcəyə: trafik istehlakının sürət trayektoriyası

Son iyirmi ildə internet xidmətlərinin keçdiyi inkişaf yolu onun gələcəkdə hara yönələcəyini açıq şəkildə göstərir:

2000-ci illərdə əsas istifadə yalnız elektron poçt və kiçik həcmli mətn faylları ilə məhdudlaşırdı. 
2010-cu illərdə yüksəkkeyfiyyətli videolar, sosial media platformaları və mobil tətbiqlər gündəlik həyatımıza daxil oldu. 
2020-ci illərdə isə “bulud” xidmətləri, videokonfranslar, onlayn təhsil və süni intellekt tətbiqləri həyatın və iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilib. 
2030-cu illərə doğru isə generativ süni intellekt, genişləndirilmiş reallıq, “rəqəmsal əkiz”lər və sənaye “IoT (Əşyaların interneti)” həllərinin şəbəkələrə daha böyük yük gətirəcəyi gözlənilir. 
Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatlarına əsasən, qlobal internet trafiki istifadəçi sayından daha sürətlə artır. Son beş il ərzində bir qlobal internet istifadəçisinə düşən beynəlxalq internet ötürmə qabiliyyətindən (bandwidth) istifadə orta hesabla ildə 22% artıb. Ümumi beynəlxalq internet ötürmə qabiliyyətindən istifadənin artım tempi isə orta hesabla 33% təşkil edib. Sabit genişzolaqlı internet abunəçilərinin illik trafik istehlakı da bunu təsdiqləyir: əgər 2019-cu ildə bir abunəçiyə illik təxminən 1,690 GB trafik düşürdüsə, 2025-ci ildə bu göstərici təxminən 2,6 dəfə artaraq 4,430 GB səviyyəsinə çatıb. 

İnfrastrukturumuz gələcəyə hazırdır: FTTx və GPON amili

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yanaşmasına görə, fiber-optik şəbəkələr gələcək tələblərə tam cavab verən, uzunömürlü və genişlənə bilən infrastruktur hesab olunur. Azərbaycanda həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə boyu genişmiqyaslı FTTx/GPON (Gigabit-capable Passive Optical Network) infrastrukturu formalaşdırılıb. 

Bu infrastrukturun ən böyük üstünlüyü gigabit səviyyəli ötürmə imkanlarına malik olmasıdır. Abunəçilərin evlərində quraşdırılan ONU (modem) avadanlıqlarının əhəmiyyətli hissəsi artıq 1 Gbit/s sürəti fiziki olaraq dəstəkləyir. Bu isə o deməkdir ki, vətəndaşlara 150 – 200 Mbit/s və daha yüksək sürətlərin təqdim edilməsi üçün evlərdə yeni bir kabel çəkilişinə və ya cihaz dəyişikliyinə texniki ehtiyac yoxdur. Hazırkı aşağı sürət paketləri fiziki infrastrukturun məhdudiyyətindən qaynaqlanmır, sadəcə proqram təminatı səviyyəsində tətbiq edilən kommersiya limitlərinin nəticəsidir. Sürət həddinin artırılması mövcud texniki potensialın istifadəçiyə daha səmərəli ötürülməsidir. 

Sürət həddi yalnız “Mbps” deyil: gecikmə (latency) və sabitlik (jitter) vacib göstəricilərdir

İnternetin keyfiyyəti yalnız böyük bir faylın nə qədər tez yüklənməsi (yükləmə sürəti – Mbps) ilə ölçülmür. Müasir rəqəmsal xidmətlər üçün internetin sabitliyi, yəni gecikmə müddəti (latency) və bu gecikmənin dalğalanması – sabitlik (jitter) də eyni dərəcədə kritikdir. 

Bunu daha rahat anlamaq üçün magistral yol bənzətməsindən istifadə edə bilərik: internet sürəti avtomobilin hərəkət sürətidirsə, “bandwidth” (ötürmə qabiliyyəti) yolun zolaq sayıdır. Şəbəkə yükləndikdə və ya zolaq sayı az olduqda məlumat paketləri avadanlıqlarda tıxaca (növbəyə) düşür. Bu hal gecikməni artırır, bağlantıda dalğalanma yaradır və bəzi paketlərin yolda itməsinə (packet loss) səbəb olur. Nəticədə onlayn dərslər və ya videokonfranslar zamanı səs gecikir, görüntü donur və iş prosesi pozulur. 

Yüksək sürət isə şəbəkədə “time compression” (zamanın sıxılması) effekti yaradır: istifadəçi eyni həcmli məlumatı daha qısa vaxtda yükləyir, sessiyasını tez tamamlayır və şəbəkə zolaqları digər istifadəçilər üçün dərhal azad olur. Bu, şəbəkə protokollarının daha effektiv işləməsinə kömək edərək ümumi gecikmə və donma risklərini minimuma endirir. 

Kritik texnologiyalarda milli-saniyələrin sınağı... Avtonom maşınlar və birja gecikmə müddəti və dalğalanmanın dərəcəsi bəzi müasir sahələrdə sadəcə “rahatlıq” deyil, birbaşa təhlükəsizlik və milyardlarla dollarlıq maliyyə meyarıdır. Məsələn, sürücüsüz (avtonom) nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün şəbəkənin reaksiyası anlıq olmalıdır. Saatda 90 km sürətlə gedən insansız bir avtomobilin sensorlarından gələn məlumatın “bulud” sisteminə ötürülməsində yaranacaq cəmi 100 milli-saniyəlik kiçik bir gecikmə, maşının maneə qarşısında təxminən 2,5 metr gec əyləc basması deməkdir ki, bu da qəzanı qaçılmaz edir. Eyni reallıq maliyyə bazarları və birja əməliyyatlarında (High-Frequency Trading) da keçərlidir. Qiymətlərin saniyədə minlərlə dəfə dəyişdiyi birjalarda rəqəmsal alqoritmlərin yarışında bir neçə milli-saniyəlik gecikmə və ya jitter, investisiyanın tamamilə səhv qiymətlə icra olunmasına və saniyələr içində milyonlarla dollar itkiyə səbəb ola bilir.

Uzaqdan cərrahiyyə və yeni nəsil sənaye... Digər bir kritik sahə isə müasir tibb, xüsusən də uzaqdan idarə olunan cərrahiyyədir. Dünyanın fərqli nöqtəsindəki bir cərrahın robot qollar vasitəsilə həyata keçirdiyi əməliyyat zamanı internet bağlantısında yaranacaq anlıq səs/görüntü donması və ya paket itkisi (packet loss) insan həyatını birbaşa təhlükəyə ata bilər. Oxşar şəkildə, avtomatlaşdırılmış “ağıllı” fabriklərdə konveyer xəttindəki robotların eyni anda, sinxron işləməsi üçün şəbəkədə dalğalanma göstəricisi sıfıra yaxın olmalıdır. Bütün bu nümunələr sübut edir ki, gələcəyin texnoloji ekosistemi yalnız yüksək yükləmə sürəti (Mbps) deyil, həm də qüsursuz və milli-saniyələr səviyyəsində dayanıqlı şəbəkə strukturu tələb edir. 

Rəqəmsal iqtisadiyyat, süni intellekt və müasir ev mühiti

İnternet sürətinə yalnız fərdi istifadəçi prizmasından baxmaq artıq köhnəlmiş yanaşmadır. Bu göstərici ölkədə sahibkarlığın, rəqəmsal iqtisadiyyatın və sənayenin inkişafı üçün baza infrastrukturdur. Kiçik sahibkardan böyük müəssisələrə qədər hər kəs bu gün “bulud” mühasibatlığı, ERP/CRM sistemləri, onlayn ödənişlər və elektron sənəd dövriyyəsi ilə işləyir. Bağlantının qeyri-sabitliyi bizneslər üçün birbaşa maliyyə və vaxt itkisidir. 

Digər tərəfdən, “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”nda yüksəksürətli internet bu ekosistemin əsas dayaqlarından biri kimi müəyyən olunub. Böyük həcmli məlumatların emalı və real vaxt rejimində “bulud” hesablamaları qabaqlayıcı bir şəbəkə tutumu tələb edir. 

Hətta adi bir ev təsərrüfatını götürdükdə belə 150 – 200 Mbit/s sürət lüks deyil, reallıqdır. Eyni anda bir evdə:

Bir nəfər iş görüşünə və ya videokonfransa qoşulur, 
Digər ailə üzvü onlayn dərsdə iştirak edir, 
“Smart” TV-də 4K (gələcəkdə 16 dəfə daha çox piksel tələb edən 8K) formatında video izlənilir, 
Arxa fonda isə telefonlar, təhlükəsizlik kameraları və “ağıllı” ev cihazları davamlı olaraq şəbəkəyə qoşulub məlumat sinxronizasiyası aparır. 
İnternet bağlantısı fərdi bir cihazla yanaşı, bütöv bir ev mühitinin bu ortaq və nizamsız yükünü daşıya biləcək gücdə olmalıdır. 

Nəticə: gələcəyin strateji standartı

Telekommunikasiya infrastrukturunun iqtisadi ömrü uzunmüddətlidir. Bu səbəbdən tənzimləyici yanaşma həm də sabaha hesablanmalıdır. İnternet sürətinin minimum 150 – 200 Mbit/s səviyyəsinə çatdırılması və daha yüksək sürətlərin təşviqi ölkənin strateji hədəflərinə xidmət edir. Məsələ artıq “200 Mbit/s bir istifadəçi üçün çoxdurmu?” sualı ilə məhdudlaşmır. Strateji məsələ Azərbaycanın yaxın onillikdə formalaşacaq qlobal rəqəmsal iqtisadiyyatın, “bulud” texnologiyalarının və süni intellekt əsrinin tələblərinə nə dərəcədə hazır olmasıdır. İnternet sürəti standartlarının artırılmasında məhz bu qabaqlayıcı və gələcəyə yönələn yanaşma əsas götürülməlidir.