Ekspert: Valideyn-dövlət əməkdaşlığına əsaslanan maliyyələşmə mexanizmi inkişaf etmiş ölkələrin uğurla tətbiq etdiyi təcrübələrdən biridir
Məktəbəqədər təhsil uşağın gələcək təhsil uğurlarının, sosial bacarıqlarının və şəxsiyyət kimi formalaşmasının əsasını təşkil edən ən mühüm mərhələlərdən biridir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, erkən yaş dövrünə yatırılan investisiya sonrakı təhsil pillələrində əldə olunan nəticələrə birbaşa təsir edir. Bu səbəbdən son illərdə Azərbaycanda da məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, bu xidmətlərə çıxış imkanlarının artırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Mövcud şəraitdə məktəbəqədər təhsil xidmətlərinə tələbatın artması yeni idarəetmə və maliyyələşmə mexanizmlərinin tətbiqini zəruri edir. Xüsusilə dövlət bağçalarının imkanlarının məhdud olduğu ərazilərdə özəl sektorun prosesə daha fəal cəlb edilməsi, valideynlərin seçim imkanlarının genişləndirilməsi və dövlət dəstəyinin daha səmərəli təşkili aktuallıq qazanır. Məhz bu baxımdan Prezident İlham Əliyevin imzaladığı yeni Fərman məktəbəqədər təhsil sisteminin inkişafında mühüm addım kimi qiymətləndirilir.
Fərmana əsasən, Azərbaycanda məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək. Yeni yanaşma dövlət, valideyn və özəl təhsil müəssisələri arasında əməkdaşlıq mexanizminin formalaşdırılmasını nəzərdə tutur. Bu model çərçivəsində dövlət müəyyən maliyyə dəstəyi göstərməklə ailələrin məktəbəqədər təhsil xərclərinin bir hissəsini qarşılayacaq, eyni zamanda, özəl bağçaların inkişafına əlavə stimul yaradacaq.
Mütəxəssislərin fikrincə, belə bir mexanizm bir neçə mühüm məqsədə xidmət edir. İlk növbədə, məktəbəqədər təhsil xidmətlərinin əhatəliliyi artır, daha çox uşaq erkən təhsil imkanlarından yararlana bilir. Digər tərəfdən, özəl sektorun prosesə cəlb olunması yeni müəssisələrin yaranmasına, rəqabət mühitinin formalaşmasına və nəticədə xidmət keyfiyyətinin yüksəlməsinə şərait yaradır. Bundan əlavə, dövlət məktəbəqədər təhsil müəssisələrinin üzərindəki yük azalır və büdcə vəsaitlərinin daha səmərəli istifadəsi üçün imkanlar genişlənir.
Dövlət bağçalarının üzərindəki yük azalır

Təhsil eksperti Elçin Süleymanov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu model son illərdə müəyyən formada tətbiq olunur və bu çərçivədə məktəbəqədər təhsil müəssisələrində təhsil haqqının bir hissəsi dövlət tərəfindən qarşılanır: “Bu isə, ilk növbədə, dövlət bağçalarının üzərindəki yükün azalmasına xidmət edir. Eyni zamanda, maliyyələşmənin paylaşılması prinsipi formalaşır, yəni həm dövlət, həm də valideyn təhsil prosesinin maliyyələşdirilməsində iştirak edir. Bu təcrübə dünyanın bir çox ölkəsində, xüsusilə inkişaf etmiş dövlətlərdə uğurla tətbiq olunur.
Belə modellərdə dövlət adətən uşağın təhsil xərclərinin müəyyən hissəsini qarşılayır və bununla da ailələrin maliyyə yükünü azaltmağa çalışır. Digər tərəfdən, özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafı üçün əlavə stimul yaranır. Qeyri-dövlət bağçalarının sayı artdıqca məktəbəqədər təhsil xidmətlərinin əlçatanlığı genişlənir, dövlət müəssisələrinə düşən yük azalır və rəqabət mühiti formalaşır ki, bu da xidmət keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir”.
Erkən təhsilə yatırılan sərmayə gələcəyin təminatıdır
Ekspert qeyd etdi ki, burada dövlət dəstəyinin təşviq xarakteri daşıdığını nəzərə almaq lazımdır: “Müəyyən müddətdən sonra valideynlər bu prosesi öz maliyyə imkanları hesabına davam etdirməlidirlər. Bununla belə, ümumilikdə bu addımı müsbət qiymətləndirirəm. Çünki uşaqların məktəbəqədər təhsilə daha geniş cəlb olunması onların məktəb həyatına daha hazırlıqlı başlamasına, analitik düşüncə, ünsiyyət və sosial bacarıqlarının inkişafına imkan yaradır. Məktəbəqədər təhsilə yatırılan vəsait əslində insan kapitalına qoyulan investisiyadır və bu sahəyə göstərilən dəstək ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
Nigar Orucova, "İki sahil"