22 iyun 2026 15:44
97

Starmerin istefasının pərdəarxası

Böyük Britaniyanın Baş naziri Kir Starmerin gözlənilən, lakin buna baxmayaraq sensasiya doğuran istefa bəyanatı dünyada geniş müzakirə olunur. Bəziləri bunu növbəti ““Breksit” lənəti”nin təzahürü kimi qiymətləndirir: Starmer son on ildə istefa verən altıncı baş nazir olacaq. Digərləri isə hesab edir ki, ser Kir o qədər də uğurlu siyasətçi olmayıb və böyük zəfərlə başlayan hakimiyyətini fəlakətə çevirib. Müəyyən tərəflər isə bütün bunlarda ölkədə “alternativ” partiyaların populyarlığının artması ilə ortaya çıxan siyasi böhranın əlamətlərini görürlər.

“İki sahil” xəbər verir ki, bu barədə yazan "The Guardian" qed edir ki, Kir Starmerin siyasi karyerasının trayektoriyası demək olar ki, Şekspir dramaturgiyasına bənzədi: parlamentə daxil olmaq və Leyboristlər Partiyasını çoxlarının qeyri-mümkün hesab etdiyi seçki qələbəsinə çatdırmaq üçün cəmi 11 il kifayət etdi, lakin sonra, iki il ərzində hər şey tamamilə alt-üst oldu. Onun süqutu, seçici sadiqliyinin darmadağın olduğu, ikipartiyalı hegemonluğun beş hissəyə parçalandığı və leyboristlərin tarixdə ilk dəfə olaraq həm soldan, həm də sağdan real təhlükə ilə üzləşdiyi misilsiz bir dövrün əksinə çevrildi.

"The Washington Post" yazır ki, partiyanın yerli seçkilərdə aldığı ağır məğlubiyyətlər, öz gündəliyini müəyyənləşdirmək və seçkiönü vədlərini yerinə yetirmək üçün əlindən gələni edən Starmerə qarşı bir "üsyan"a səbəb oldu. Bununla yanaşı, o, iqtisadi durğunluq, Epşteynlə bağlı qalmaqalın fəsadları və Prezident Donald Trampla olan mürəkkəb münasibətlərlə üz-üzə qalmışdı. Bu istefa Britaniyada növbəti qeyri-sabitlik dövrünün davamıdır. Mühafizəkarların təxminən 15 illik hakimiyyətindən sonra (iki il əvvəl) leyboristlər “Breksit”dən sonra yaranan iqtisadi tənəzzülün doğurduğu geniş narazılıqdan məharətlə yararlanmışdılar. İndi isə Starmer özü vaxtilə istifadə etdiyi həmin seçici narazılığı dalğasının qurbanına çevrildi.

"Frankfurter Allgemeine Zeitung" yazır ki, Starmer, nəhayət ki, son həftələrdə öz partiyası daxilində artmaqda olan təzyiqlərə tab gətirməyərək təslim oldu. O, Britaniyanın müasir tarixində baş nazirlər arasında ən aşağı rəy sorğusu reytinqi ilə ciddi çətinliklər yaşayırdı.

Starmer son vaxtlar bir böhrandan digərinə sürüklənirdi. Artıq ilin əvvəlində onun mövqeyi "tükdən asılı" idi. Həmin vaxt diqqət mərkəzində Epşteynlə əlaqəsi olan Piter Mandelsonun ABŞ-a səfir təyin edilməsi qalmaqalı dayanırdı.