16 iyun 2026 17:42
119

Yekaterinburqda miqrantların ictimai nəqliyyat idarə etməsinə qadağa təklif olunub

Rusiyanın Yekaterinburq şəhərində yerləşən Sverdlovsk vilayəti Dövlət Yol Polisi İdarəsi (GİBDD) bəzi kateqoriyalara aid miqrantların ictimai nəqliyyatda, taksi xidmətlərində və yükdaşımada sürücü kimi çalışmasının qadağan edilməsini təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Qeyd edilir ki, bu təşəbbüslə Sverdlovsk vilayəti GİBDD-nin nəzarət fəaliyyəti şöbəsinin rəis müavini Aleksandr Porubenko çıxış edib.

Onun sözlərinə görə, miqrasiya xidməti və əmək müfəttişliyi ilə birlikdə müəyyən kateqoriyadan olan əcnəbi sürücülərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı sənəd hazırlanıb. Hazırda sənəd işçi qaydada nəzərdən keçirilir və daha sonra vilayət qubernatoruna təqdim olunacaq.

Təklifə əsasən, miqrantların müntəzəm sərnişindaşıma marşrutlarında, sifarişli sərnişindaşımalarda və təhlükəli yüklərin daşınmasında sürücü kimi işləməsi qadağan edilə bilər. Aleksandr Porubenko bildirib ki, oxşar məhdudiyyətlər artıq Rusiyanın bir sıra digər regionlarında tətbiq olunub.

Bu təşəbbüsün gündəmə gəlməsinə səbəb olan hadisələrdən biri iyunun 10-da Yekaterinburqun Leninski rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi olub. Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşmasından sonra avtobus yoldan çıxaraq piyadaların üzərinə sürülüb.

Nəticədə dörd nəfər, o cümlədən bir uşaq həlak olub. İstintaqın ilkin versiyasına görə, qəza avtobus sürücüsünün qırmızı işıqda hərəkət etməsi nəticəsində baş verib. Məlumata əsasən, sürücü 49 yaşlı əcnəbi vətəndaş olub.