13 iyun 2026 11:12
117

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

2025-ci ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb, ticarət dövriyyəmiz isə 1,27 trilyon dollara çatıb. Bu rəqəmlər türk dünyasının qlobal iqtisadiyyatda artan iqtisadi çəkisini və strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.

“İki sahil” xəbər verir ki, bunu Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumunda Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan deyib.

Türk Dövlətləri arasında ticarət və iqtisadi əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini diqqətə çatdıran Merey Mukajan bildirib ki, iqtisadi əməkdaşlığın gücləndirilməsi yalnız regional rifah üçün deyil, həm də türk dövlətlərinin qlobal iqtisadiyyatda daha effektiv rəqabət aparması və beynəlxalq arenada mövqelərini möhkəmləndirməsi üçün vacibdir. Odur ki, TDT Katibliyi iqtisadi inteqrasiyanı sürətləndirə, əlaqəliliyi gücləndirə və üzv dövlətlərin kollektiv rəqabət qabiliyyətini artıra biləcək təxminən 60 istiqamət üzrə praktiki mexanizmlərin hazırlanmasına xüsusi önəm verir. Bu platformalar kartoqrafiyadan kosmik sahəyə qədər geniş spektri əhatə edir.

Merey Mukajan rəqabət qurumlarının rolunu xüsusi qiymətləndirib. Bildirib ki, effektiv rəqabət siyasəti innovasiyanı təşviq edən, məhsuldarlığı artıran, investisiyaları cəlb edən və istehlakçıların maraqlarını qoruyan ədalətli, şəffaf və dinamik bazarların formalaşmasına kömək edir.

“İqtisadiyyatlarımız daha çox inteqrasiya olunduqca və rəqəmsallaşdıqca, rəqabət qurumları arasında əməkdaşlıq ümumi çağırışların həllində və daha dayanıqlı, rəqabətqabiliyyətli türk iqtisadi məkanının qurulmasında mühüm əhəmiyyət daşıyacaq” – deyə, o bildirib.