12 iyun 2026 17:50
191

İmtahan nəticələri gənclərin psixologiyasına necə təsir edir?

Psixoloq: Psixoloji hazırlıq da fənn hazırlığı qədər vacibdir

Qəbul imtahanları minlərlə gəncin gələcəyini müəyyənləşdirən mərhələ hesab olunsa da, imtahan nəticələrinin yaratdığı psixoloji təsirlər çox vaxt diqqətdən kənarda qalır.

Hər il minlərlə abituriyent qəbul imtahanlarında iştirak edir. Uzun aylar davam edən hazırlıq prosesi, yüksək gözləntilər və gələcəklə bağlı planlar imtahan nəticələrinin əhəmiyyətini daha da artırır. Lakin imtahanlardan sonra açıqlanan nəticələr təkcə təhsil həyatına deyil, gənclərin psixoloji vəziyyətinə də təsir göstərir.

İmtahan nəticələri təkcə biliyi deyil, emosional vəziyyəti də sınağa çəkir

İmtahan dövrü bir çox gənclər üçün stress və həyəcanla müşayiət olunur. Nəticələrin açıqlanacağı gün yaxınlaşdıqca onların narahatlıqları daha da artır. Sosial şəbəkələrdə paylaşılan yüksək ballar, uğur hekayələri və müqayisələr bəzi abituriyentlərdə əlavə psixoloji təzyiq yaradır. Xüsusilə özündən yüksək nəticə göstərən yaşıdlarını görən gənclər uğursuzluq hissi ilə üzləşə bilirlər. Müşahidələr göstərir ki, imtahan nəticələri bəzi hallarda gənclər tərəfindən həyatın ən vacib göstəricilərindən biri kimi qəbul edilir. Halbuki bir neçə saat ərzində keçirilən imtahan insanın bütün bacarıqlarını və potensialını tam şəkildə əks etdirmir. Buna baxmayaraq, aşağı nəticə əldə edən abituriyentlər arasında özünəinamın azalması, məyusluq və gələcəklə bağlı narahatlıq hallarına rast gəlinir.

Cəmiyyətdə formalaşan bəzi stereotiplər də bu təzyiqin artmasına səbəb olur. Bəzən yüksək bal toplamaq uğurun yeganə göstəricisi kimi təqdim edilir, aşağı nəticə isə məğlubiyyət kimi qiymətləndirilir. Bu yanaşma gənclərin özlərini yalnız imtahan nəticələri üzərindən dəyərləndirmələrinə gətirib çıxarır. Əslində isə uğurlu karyera və şəxsi inkişaf yalnız bir imtahanın nəticəsindən asılı deyil. Müxtəlif sahələrdə uğur qazanan insanların həyat hekayələrinə diqqət yetirsək görərik ki, insanın inkişaf yolu bir neçə fərqli istiqamətdən keçə bilər. Peşə bacarıqları, şəxsi keyfiyyətlər, əməksevərlik və davamlı inkişaf da ən az akademik nəticələr qədər əhəmiyyətlidir.

Sosial müqayisələr təzyiqi artırır

Müasir dövrdə sosial şəbəkələrdəki paylaşımlar imtahan nəticələrinin yaratdığı emosional yükü daha da gücləndirə bilir. Yüksək nəticə əldə edənlərin paylaşdığı uğur hekayələri görünən tərəf olsa da, eyni anda minlərlə gəncin yaşadığı narahatlıq və məyusluq çox vaxt diqqətdən kənarda qalır. Bu səbəbdən nəticələr açıqlanarkən gənclərin özlərini başqaları ilə müqayisə etmək əvəzinə şəxsi inkişaflarına fokuslanmaları daha vacib hesab olunur. Nəzərə alınmalıdır ki, hər bir insanın imkanları, hazırlıq şəraiti və həyat yolu fərqlidir.

Qəbul imtahanları gənclərin həyatında mühüm mərhələ olsa da, onların gələcək talelərini müəyyənləşdirən son nöqtə kimi qəbul olunmamalıdır. İstənilən nəticə yeni imkanlar və fərqli yollar aça bilər. Əsas məsələ bir nəticəni həyatın yekun hökmü kimi qəbul etməmək və qarşıya çıxan çətinlikləri yeni başlanğıclar üçün təcrübəyə çevirməyi bacarmaqdır. İmtahan nəticələri müəyyən qapılar aça və ya bəzi planları dəyişdirə bilər. Lakin insanın öz potensialı, arzuları və gələcək uğurları bir imtahan vərəqindəki doğru və ya yanlış cavabların sayını göstərən rəqəmlərlə ölçülmür.

Yüksək bal uğurun yeganə göstəricisi deyil

Ailə və uşaq psixoloqu Vüsalə Əmiraslanova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, imtahan dövrü valideynlər, abituriyentlər və müəllimlər üçün həyatın ən vacib mərhələlərindən biridir: “Lakin nəzərə almaq lazımdır ki, əgər bir gənc universitetə qəbul olunmağı özü arzulayırsa, imtahan nəticəsi ən çox onun üçün əhəmiyyət daşıyır. Bu səbəbdən nəticəyə görə ən böyük narahatlığı da məhz abituriyent yaşayır.

Bəzən valideynlər və ya müəllimlər uşağın real qabiliyyətlərini və imkanlarını nəzərə almadan ondan yüksək nəticələr gözləyirlər. Gözlənilən nəticə əldə olunmadıqda isə həmin gənc əlavə təzyiqlə üzləşir ki, bu da onun psixoloji vəziyyətinə mənfi təsir göstərir. İmtahan nəticələrindən narazı qalan abituriyentlərdə özünəgüvənin azalması, aqressiya, emosional gərginlik və hətta depressiv əlamətlər müşahidə oluna bilər. Halbuki əsas məqsəd il ərzində şagirdin zəif tərəflərini müəyyənləşdirərək onları inkişaf etdirmək və ona dəstək olmaqdır.”

Yüksək akademik hazırlığın belə hər zaman uğurlu nəticəyə zəmanət vermədiyini bildirən psixoloq qeyd etdi ki, əgər gənc həyəcanını və emosiyalarını idarə edə bilmirsə, biliklərini tam şəkildə nümayiş etdirməkdə çətinlik çəkə bilər. Buna görə də imtahanlara hazırlıq yalnız fənn bilikləri ilə məhdudlaşmamalıdır: “Necə ki, abituriyentlər hazırlıq kurslarına gedirlər, eyni zamanda, psixoloji dəstək də almalıdırlar. Bu, onların stress və gərginliyin öhdəsindən daha rahat gəlmələrinə kömək edə bilər.

Unutmamalıyıq ki, imtahanda yüksək nəticə əldə etməyi ilk növbədə gənclərin özləri arzulayırlar. Əgər onlar universitet həyatına qədəm qoymağı qarşılarına məqsəd qoyublarsa, bu uğura hamıdan çox özləri can atırlar. Buna görə də valideynlərin və müəllimlərin əsas vəzifəsi təzyiq göstərmək deyil, onlara qarşı anlayışlı və dəstəkverici olmaqdır.

Şahnigar Əhmədova, “İki sahil”