11 iyun 2026 18:58
73

CNN: ABŞ hərbçiləri Trampı Xark adasının ələ keçirilməsi riskləri barədə xəbərdar edib

ABŞ Silahlı Qüvvələrinin nümayəndələri Prezident Donald Trampı İranın Xark adasının mümkün işğalı zamanı yarana biləcək ciddi itkilər barədə xəbərdar ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyi və administrasiya rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, hərbi rəhbərlik Ağ Evə bildirib ki, Xark adasının nəzarətə götürülməsi üçün genişmiqyaslı quru əməliyyatı tələb oluna bilər.

“Rəsmilər Prezident Trampa bildiriblər ki, belə bir əməliyyat, ehtimal ki, çoxsaylı quru qoşunlarının cəlb olunmasını tələb edəcək və ABŞ tərəfi üçün ağır itkilərlə nəticələnə bilər”, — deyə CNN-in məlumatında qeyd olunur.

Xark adası İranın enerji infrastrukturu üçün strateji əhəmiyyət daşıyır. Ölkənin ixrac etdiyi neftin böyük hissəsi bu ada üzərindən dünya bazarlarına göndərilir.

Xatırladaq ki, daha əvvəl Donald Tramp Truth Social sosial şəbəkəsində ABŞ ordusunun Xark adasını nəzarətə götürə biləcəyini bildirmişdi.

CNN-in məlumatına əsasən, hərbi ekspertlər və Pentaqon rəsmiləri belə bir addımın regionda münaqişəni daha da genişləndirə və ABŞ qüvvələri üçün ciddi təhlükələr yarada biləcəyini düşünürlər.

Hazırda Vaşinqton tərəfindən Xark adasına qarşı hər hansı hərbi əməliyyatın başlanması barədə rəsmi qərar açıqlanmayıb.