10 iyun 2026 11:08
175

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergitutması sahəsində həyata keçirilən islahatlar davam etdirilir.  “İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılmış elektron qeydiyyat sistemi vasitəsilə artıq 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. Qeydiyyatdan keçmiş şirkətlər sırasında Apple, Adobe, Sony Interactive Entertainment, Epic Games, Chess.com və digər beynəlxalq səviyyədə tanınmış rəqəmsal platformalar yer alır.

Cari ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq. Dəyişikliklərin məqsədi beynəlxalq rəqəmsal platformalar üçün vergi öhdəliklərinin yerinə yetirilməsini sadələşdirmək, bərabər rəqabət mühiti yaratmaq və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.

Məlumat üçün bildiririk ki, vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarından elektron xidmətlər əldə edilərkən ƏDV artıq alıcıların hesabından banklar tərəfindən tutulmur. Bunun əvəzinə, qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər. Qanunvericiliyin tətbiq dairəsi yalnız elektron formada iş və xidmətlərin təqdim edilməsini əhatə edir. Fiziki malların satışı, eləcə də elektron platformalar vasitəsilə məhsulların sifarişi və çatdırılması bu tənzimləmənin əhatə dairəsinə daxil deyil.

Qeydiyyatdan keçən beynəlxalq şirkətlərin sayının artması Azərbaycan vergi sisteminə etimadın göstəricisidir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatın inkişafı və şəffaf biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini davam etdirir.