“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”
Ulu Öndər Heydər Əliyev
Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən əlamətdar və taleyüklü hadisələrindən biridir. Bu gün yalnız bir siyasi hadisənin deyil, həm də xalqın milli iradəsinin, dövlətçilik ənənələrinin və müstəqilliyə sadiqliyinin təntənəsidir. 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq, müstəqilliyini itirmək və vətəndaş qarşıdurması təhlükəsindən xilas etdi.
XX əsrin sonlarında Azərbaycan yenidən müstəqillik qazansa da, ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürürdü. Dövlət idarəçiliyində ciddi problemlər mövcud idi, iqtisadi böhran dərinləşmişdi, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunmuşdu. Həmin dövrdə ölkədə hakimiyyət böhranı yaşanır, müxtəlif silahlı qruplar arasında qarşıdurmalar baş verir, vətəndaş müharibəsi təhlükəsi getdikcə artırdı. Azərbaycan dövlətçiliyi real təhlükə ilə üz-üzə qalmışdı.
Belə bir mürəkkəb şəraitdə xalqın yeganə ümid yeri böyük dövlət xadimi Heydər Əliyev oldu. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Heydər Əliyev ölkənin xilası naminə xalqın çağırışına cavab verdi və 1993-cü ilin iyun ayında Bakıya gəldi. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə ölkənin həyatında yeni mərhələ başlandı. Məhz bu tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə yazıldı.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. İlk növbədə, dövlət çevrilişi cəhdlərinin və daxili qarşıdurmaların qarşısı alındı. Dövlət idarəçiliyi sistemi möhkəmləndirildi, qanunun aliliyi təmin edildi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı. Xalqın dövlətə və gələcəyə olan inamı bərpa edildi.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında yeni səhifə açdı. Xarici investisiyaların cəlb olunması, enerji strategiyasının formalaşdırılması və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi dövlətin gələcək inkişafının əsasını təşkil etdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə regionun aparıcı dövlətlərindən birinə çevrilməyə başladı.
Milli Qurtuluş Azərbaycanın hüquqi dövlət quruculuğunun da başlanğıcı oldu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkədə demokratik institutların formalaşmasına və insan hüquqlarının təmin olunmasına mühüm töhfə verdi. Məhkəmə-hüquq islahatları həyata keçirildi, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün əlverişli şərait yaradıldı.
Ulu Öndər Heydər Əliyevin “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” fikri onun bütün siyasi fəaliyyətinin əsas mahiyyətini əks etdirir. Həqiqətən də, Heydər Əliyev həyatının bütün mərhələlərində Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xalqın rifahı və ölkənin inkişafı naminə yorulmadan çalışmışdır. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət bu gün də müstəqil Azərbaycanın uğurlarının təməlini təşkil edir.
Milli Qurtuluş Günü eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirildiyi tarixdir. Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizin əldə etdiyi nailiyyətlər, beynəlxalq nüfuzunun artması, iqtisadi və sosial inkişaf göstəriciləri bu siyasətin uğurlu nəticələridir.
Xüsusilə 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə və ölkəmizin ərazi bütövlüyünün bərpası Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyasının təntənəsi oldu. Azərbaycan xalqı öz liderlərinin uzaqgörən siyasəti nəticəsində tarixi ədaləti bərpa etdi və dövlət suverenliyini tam təmin etdi.
Bu gün Milli Qurtuluş Günü ölkəmizin hər yerində böyük qürur hissi ilə qeyd olunur. Azərbaycan vətəndaşları bu tarixi günü müstəqil dövlətimizin xilası, milli birliyimizin möhkəmlənməsi və gələcək inkişafımızın başlanğıcı kimi dəyərləndirirlər. Hər bir azərbaycanlı yaxşı anlayır ki, əgər 1993-cü ildə Heydər Əliyevin qətiyyətli rəhbərliyi olmasaydı, Azərbaycanın taleyi tamam fərqli ola bilərdi.
15 İyun – Milli Qurtuluş Günü xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Bu gün müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin xilası və sabit inkişaf yolunun başlanğıcı kimi tariximizə qızıl hərflərlə yazılmışdır. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini daim yüksək qiymətləndirir və onun ideyalarına sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi naminə fəaliyyət göstərir.
Milli Qurtuluş Günü Azərbaycanın dünənini, bu gününü və gələcəyini birləşdirən müqəddəs tarixdir. Bu tarixi yaradan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onun dövlətçilik məktəbi isə gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.
Ramil Mirzəyev,
YAP Xətai rayon təşkilatının sədri