Müasir beynəlxalq münasibətlərdə baş verən proseslər bir daha göstərir ki, bu, ölkəmizin təhlükəsizliyinə ən böyük zəmanətdir
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin inkişafının yeni tarixi mərhələsində keçirilən ilk partiya qurultayı kimi çox önəmlidir. Bu qurultayı əvvəlkilərdən fərqləndirən mühüm amil onun keçirildiyi siyasi və tarixi zaman kəsiyidir. Əgər YAP-ın VII Qurultayı 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən bir neçə ay sonra baş tutmuşdusa, VIII Qurultay artıq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, Qarabağ məsələsinin dövlətimizin milli maraqlarına uyğun həll edildiyi dövrdə keçirildi. Məhz bu mənada,VIII Qurultayı yalnız hakim siyasi təşkilatın fəaliyyətində növbəti mərhələ kimi deyil, eyni zamanda, qalib və bütövləşən Azərbaycanın qarşısında duran yeni strateji vəzifələrin siyasi baxımdan müəyyənləşdirildiyi bir hadisə kimi də dəyərləndirmək olar.
VIII Qurultay bir daha göstərdi ki, Azərbaycan dövlətinin qarşıya qoyduğu yeni hədəflər var. Bu hədəflərə doğru irəlilməsində YAP-ın da nüfuzlu bir partiya kimi öz məsuliyyət payı vardır. Yəni, artıq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edibsə deməli, dövlətin qarşısında duran vəzifələrin xarakteri də dəyişib. Hazırda önəmli məsələ əldə edilmiş tarixi nailiyyətlərin qorunması, Azərbaycanın hərbi, siyasi və iqtisadi gücünün daha da artırılması, Böyük Qayıdışın sürətləndirilməsi, ideoloji təhlükəsizliyin təmin edilməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsidir.

Bu baxımdan Azərbaycan Respublkasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı çıxışı yalnız görülmüş işlərin hesabatı kimi deyil, yeni tarixi mərhələdə dövlət və cəmiyyət qarşısında duran vəzifələrin də açıqlanması idi. Dövlət Ölkəmizin başçısının sözügedən qurultaydakı çıxışı əslində, dövlətimizin yeni hədəflərə necə və hansı üsullarla çatmasına dair proqram xarakterli nitq idi.
Məlumdur ki, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin sonrakı siyasi proseslərində mühüm mərhələ oldu. Həmin dövrdə Azərbaycan ciddi problemlərlə üz-üzə idi Ərazi itkiləri, siyasi qarşıdurmalar, iqtisadi tənəzzül və dövlət institutlarının zəifləməsi ciddi problemlər yaratmışdı. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dövlət institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının formalaşdırılması istiqamətində yeni mərhələ başlandı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə ölkəmiz iqtisadi və hərbi potensialını daha da artırdı. Nəticədə ölkəmizin qarşısında duran əsas milli məsələ- ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu baxımdan Azərbaycanın tarixində həlledici mərhələ oldu. 8 Noyabr- Zəfər Günü ilə yaranmış yeni reallıq 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyinin təmin olunması ilə yeni mərhələyə keçdi. Buna görə də Prezidentin çıxışında 8 Noyabr və 20 Sentyabrın bir-birini tamamlayan iki mühüm tarixi hadisə kimi təqdim olunması xüsusi siyasi məna daşıyır. Birinci tarix Azərbaycanın hərbi-siyasi Qələbəsini, ikinci tarix isə ölkənin bütün ərazisində dövlət suverenliyinin təmin edilməsini ifadə edir.
VIII Qurultayda ölkəmizin başçısı bildirdi ki, bundan sonra da hərbi və iqtisadi gücümüzü artımağa nail omalıyıq. Ona görə ki, çağdaş beynəlxalq münasibətlərdə baş verən proseslər göstərir ki, hərbi Qələbənin əldə edilməsi təhlükəsizlik məsələsini gündəmdən çıxarmır. Tam əksinə, əldə edilmiş nəticələrin qorunması davamlı müdafiə qabiliyyətini tələb edir. Azərbaycanın yerləşdiyi regionun ətrafında davam edən münaqişələr, beynəlxalq təhlükəsizlik mexanizmlərinin üzləşdiyi problemlər və geosiyasi rəqabətin güclənməsi dövlətin müdafiə potensialının daim inkişaf etdirilməsini strateji zərurətə çevirir. Bu mənada güclü ordu yalnız müharibə aparmaq vasitəsi deyil, həm də müharibənin və mümkün təxribatların qarşısını alan çəkindirmə vasitəsidir.
Prezident İlham Əliyev qurultaydakı çıxışında Azərbaycan dövlətinin hər cür təhlükələrdən qorunması üçün çox vacib məsələni də gündəmə gətirdi. Bu, ideoloji təxribatlara qarşı cəmiyyətimizin səfərbər olmasına dair çağrışı idi. Yəni, əgər dövlət sərhədləri fiziki vasitələrlə qorunursa, informasiya məkanının sərhədləri yoxdur. Sosial şəbəkələr, rəqəmsal platformalar, süni intellekt və yeni kommunikasiya texnologiyaları informasiya təsirlərinin imkanlarını genişləndirir. Bu mənada müasir dövlətin dayanıqlılığı yalnız hərbi və iqtisadi güclə deyil, həm də cəmiyyətin informasiya və ideoloji dayanıqlılığı ilə ölçülür ki, burada da iki amil xüsusi əhəmiyyət daşıyır: yüksək təhsil və vətənpərvərlik… Bu iki amilin yaradılması dövlətçilik məsuliyyətinin dərk edilməsində və milli maraqların qorunmasında vətəndaş mövqeyinin formalaşdırılması deməkdir.
Prezident İlham Əliyevin qurultaydakı çıxışında digər önəmli istiqamət dövlətimizin müstəqil və fəal xarici siyasətiə sahib olmasıdır. Yəni, bu gün ölkəmiz hansısa fövqəlgüc dövlətlərdən, qonşulardan iqtisadi və hərbi mənada asılı deyildir. Əksinə, müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətlərini daha inkişaf etdirərək qlobal məsələlərdə söz sahibi olmağı hədəfləyir. Belə ki, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşdirilməsi, D-8, İslam Əməkdaşlıq Təşkilatı, Avropa dövlətləri, Çin və ABŞ ilə əlaqələrin müxtəlif formatlarda inkişaf etdirilməsi ölkə başçısının çoxşaxəli diplomatik fəaliyyətinin göstəriciləridir. Burada əsas məsələ strateji müstəqilliimizi qoruyub saxlamaqdır. Bu isə məhz Azərbaycanın iqtisadi və maliyyə imkanlarının genişlənməsindən asılıdır.ki, artıq dövlətimiz həmin istiqamətdə ciddi uğurlar qazanıb. Həm də bu gün dövlətin əsas sosial hədəfi iqtisadi inkişafın nəticələrini vətəndaşların rifahına yönəltməkdir. Bu istiqamətdə də önəmli nailiyyətlər var.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış proqramlarının uğurla icrası da dövlətimizin qarşısında duran digər mühüm vəzifədir. VIII Qurultayda bu istiqamətdə də önəmli vəzifələr və layihələr gündəmə gətirildi.
Elçin Zaman, "İki sahil"
Böyük Qayıdış: İqtisadi gücün təsdiqi, müstəqil strategiyanın bariz göstəricisi