06 iyun 2026 12:35
99

Sərdar Berdiməhəmmədov: Türkmənistan Azərbaycanla əməkdaşlığa sadiqdir

Türkmənistan qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiqdir.

“İki sahil” xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimlini qəbul edərkən deyib.

S.Berdiməhəmmədov Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Adil Kərimli bildirib ki, Azərbaycan qardaş Türkmənistanla münasibətlərin inkişafına xüsusi önəm verir. O, qarşılıqlı mədəniyyət günlərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq Türkmənistanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.

Görüş zamanı qeyd olunub ki, Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni-humanitar istiqamətlərdə dinamik inkişaf edir. Son illərdə dövlət və hökumət səviyyəsində keçirilən müntəzəm görüşlər və qarşılıqlı səfərlər nəticəsində tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib.

İkitərəfli gündəlikdə mədəni-humanitar əməkdaşlığın xüsusi yer tutduğu vurğulanıb. Bu baxımdan mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə imkan yaradan birgə tədbirlərin əhəmiyyəti qeyd edilib.

S.Berdiməhəmmədov ötən ilin oktyabr ayında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin uğurla keçirildiyini xatırladıb və bu cür mədəni əlaqələrin xalqların daha da yaxınlaşmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

O, ortaq tarixi-mədəni irsin dövlətlərarası dialoqun daha da dərinləşməsi üçün möhkəm zəmin yaratdığına əminliyini ifadə edərək Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını da vurğulayıb.