Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Azərbaycanın təmiz enerji, dayanıqlı inkişaf sahələrində əməkdaşlığı genişləndirmək üçün böyük imkanları var.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında BƏƏ-dən olan politoloq Salem Əlkətbi danışıb.
Onun sözlərinə görə, hər iki ölkə dünya enerji bazarında aparıcı mövqelərini qorumağa çalışır, eyni zamanda, bərpaolunan enerji mənbələrinin inkişafına və iqlim gündəliyinin həyata keçirilməsinə fəal şəkildə investisiya qoyur. Ekspert bildirib ki, buna görə də enerji keçidi ilə bağlı məsələlər ikitərəfli dialoqda mühüm yer tutur.
O vurğulayıb ki, bu sahədə əməkdaşlıq artıq real nəticələr verir. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti “SOCAR Green” ilə birlikdə Azərbaycanda iri Günəş enerjisi layihələrini həyata keçirir. Bu layihələrə “Qaradağ” Günəş Elektrik Stansiyası və ümumi gücü təxminən 760 meqavat olan yeni obyektlər daxildir. Politoloqun qiymətləndirməsinə görə, həmin layihələr enerji sahəsində tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm əsas yaradır.