Alimlər antibiotiklərə davamlı infeksiyaların müalicəsində istifadə oluna biləcək yeni antibiotik dizaynı üçün metod hazırlayıblar. Mütəxəssislərin fikrincə, bu yanaşma yalnız yeni dərmanların hazırlanmasına deyil, həm də zamanla təsirini itirmiş mövcud antibiotiklərin təzədən effektiv hala gətirilməsinə imkan yarada bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (World Health Organization) məlumatına görə, antibiotiklərə qarşı müqavimət hər il dünyada təxminən 1,27 milyon insanın ölümünə səbəb olan ciddi qlobal sağlamlıq problemidir. Müşahidələr göstərir ki, 2018-2023-cü illər ərzində izlənilən bakteriya-antibiotik kombinasiyalarının 40 faizindən çoxunda müqavimət səviyyəsi artıb. Bu mövzu ilə bağlı fikir bildirən mütəxəssislər qeyd edirlər ki, antibiotiklərdən insanlar tərəfindən, heyvanlarda və bitkilərdə həddindən artıq və düzgün istifadə edilməməsi bu problemin əsas səbəblərindəndir. Nəticədə infeksiyaların müalicəsi çətinləşir, cərrahi əməliyyatlar isə daha riskli olur.
Tədqiqatı aparan alimlər bakteriyaların antibiotiklərin təsirindən yayınmaq üçün istifadə etdiyi əsas mexanizmlərdən birini hədəfə alıblar. Bakteriyalar “efluks nasosları” adlandırılan molekulyar sistemlər vasitəsilə antibiotikləri hüceyrədən xaric edərək onların təsirini zəiflədir. Araşdırma zamanı müəyyən edilib ki, antibiotiklərin kimyəvi quruluşunu dəyişdirməklə onların bu nasoslar vasitəsilə hüceyrədən çıxarılmasını çətinləşdirmək mümkündür. Bu halda dərman bakteriya hüceyrəsində daha uzun müddət qalır və infeksiyanı məhv etmək qabiliyyətini qoruyur.
Tədqiqata rəhbərlik edən Khondaker Miraz Rahmanın sözlərinə görə, antimikrob müqavimət sürətlə artsa da, yeni antibiotiklərin hazırlanması sahəsində irəliləyiş kifayət qədər deyil: “Yeni yanaşma həm gələcəkdə antibiotiklərin daha effektiv hazırlanmasına, həm də bakteriyaların müqavimət qazandığı mövcud dərmanların yenidən istifadəsinə imkan verə bilər.”
Alimlər hazırda bu strategiyadan istifadə edərək dərmanlara davamlı infeksiyalar üçün yeni müalicə üsullarının hazırlanmasını hədəfləyirlər.
Şahnigar Əhmədova, “İki sahil”