04 iyun 2026 10:32
166

Azərbaycan beynəlxalq enerji bazarının etibarlı tərəfdaşıdır

Qlobal enerji sənayesinin nüfuzlu tədbirlərindən biri hesab olunan Bakı Enerji Həftəsinin əsası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1994-cü ilin sentyabr ayında keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi ilə qoyuldu. Həmin dövrdə beynəlxalq enerji şirkətlərinin ölkəmizə cəlb edilməsi, xarici investorlarla əməkdaşlıq platformasının yaradılması və enerji sektoruna böyük marağın formalaşdırılması strateji əhəmiyyət daşıyırdı. İlk sərgi həm də Azərbaycanın dünya enerji bazarına inteqrasiyasının başlanğıcı kimi tarixə düşdü. Sonrakı illərdə bu platforma sürətlə inkişaf edərək enerji sənayesinin aparıcı şirkətlərini, beynəlxalq maliyyə institutlarını, hökumət nümayəndələrini və ekspertləri bir araya gətirən qlobal tədbirə çevrildi. 
        Son otuz ildən artıq müddətdə həyata keçirilən məqsədyönlü enerji strategiyası təkcə iqtisadi inkişafın deyil, həm də siyasi müstəqilliyin, milli təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın əsas sütunlarından birinə çevrilib. Prezident İlham Əliyevin iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı bu siyasətin uğurlarını, əldə olunan nəticələri və gələcək perspektivləri nümayiş etdirir. 1996-cı ilin iyun ayında imzalanmış “Şahdəniz” müqaviləsi isə Azərbaycanın qaz strategiyasında yeni dövrün başlanğıcı oldu. Dünyanın ən böyük qaz yataqlarından biri hesab olunan “Şahdəniz” layihəsi sonrakı illərdə təkcə ölkənin deyil, bütövlükdə Avrasiyanın enerji xəritəsinin yenidən formalaşmasına mühüm təsir göstərdi. Bu gün Azərbaycan qazının beynəlxalq bazarlara çıxarılması və enerji təhlükəsizliyinə töhfə verməsi məhz həmin strateji qərarın nəticəsidir. “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi diqqət çəkir. 
Burada aparılan müzakirələr, imzalanan müqavilələr və əldə olunan razılaşmalar ölkənin enerji siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm qərarların qəbuluna zəmin yaratdı. Məhz bu tədbirlər nəticəsində enerji sahəsində uzunmüddətli əməkdaşlıq modeli formalaşdı və Azərbaycan beynəlxalq enerji bazarının etibarlı aktorlarından biri kimi tanındı.
Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb. İyunun 1-dən  3-dək davam edən “Bakı Enerji Həftəsi” Xəzər regionunun ən nüfuzlu enerji tədbirlərindən olaraq, qlobal enerji liderlərini, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini bir araya gətirir. Builki tədbirdə dünyanın 46 ölkəsindən 276 şirkət iştirak edir. Bu, ölkələrin sayına görə sərgi tarixində rekord göstəricidir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirdi. 
        Prezident İlham Əliyevin çıxışında vurğulanan məsələlərdən biri də ölkənin makroiqtisadi göstəricilərinin yüksək səviyyədə olması idi. Son illərdə həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan regionun ən dayanıqlı iqtisadiyyatlarından birinə çevrilib. Aparıcı beynəlxalq reytinq agentliklərinin ölkəyə investisiya dərəcəli reytinq verməsi iqtisadi sabitliyin və maliyyə dayanıqlığının beynəlxalq səviyyədə tanındığını təsdiqləyir. Bütün uğurların əsasında təbii sərvətlərdən səmərəli və düşünülmüş şəkildə istifadə dayanır. Dövlət Neft Fondunda və Mərkəzi Bankda formalaşdırılmış strateji ehtiyatlar bu siyasətin ən mühüm nəticələrindəndir. Hazırda ölkənin strateji ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Bu göstərici iqtisadi təhlükəsizliyin təmin olunması baxımından son dərəcə vacibdir. Belə maliyyə imkanları qlobal iqtisadi dəyişikliklər və enerji bazarlarında baş verən dalğalanmalar fonunda ölkənin dayanıqlığını təmin edir. Aparıcı beynəlxalq reytinq agentliklərinin Azərbaycana investisiya dərəcəli qiymətlər verməsi iqtisadi siyasətə olan etimadın göstəricisidir. Xarici borcun aşağı səviyyədə saxlanılması, strateji valyuta ehtiyatlarının davamlı şəkildə artırılması və maliyyə sabitliyinin qorunması ölkənin iqtisadi təhlükəsizlik sisteminin mühüm elementlərinə çevrilib. Bu göstəricilər yalnız cari nailiyyətləri deyil, eyni zamanda gələcək nəsillər üçün möhkəm iqtisadi təməlin yaradıldığını nümayiş etdirir.
     Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq: “Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir”.
     Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik: “Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər”.
Bu gün SOCAR artıq regional şirkət statusunu geridə qoyaraq beynəlxalq enerji bazarının mühüm aktorlarından birinə çevrilib. Şirkətin müxtəlif qitələrdə həyata keçirdiyi layihələr, xarici bazarlara yatırdığı investisiyalar və beynəlxalq tərəfdaşlarla qurduğu əməkdaşlıq münasibətləri onun qlobal nüfuzunun artdığını nümayiş etdirir. . Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, düzgün enerji siyasəti Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri