Serbiya və Rusiya NIS neft şirkəti ilə bağlı məsələlərin həlli istiqamətində əməkdaşlığı müzakirə edilib.
“İki sahil” xəbər verir ki, müzakirə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç ilə "Gazprom Neft" şirkətinin İdarə Heyətinin sədri Aleksandr Dyukov arasında Sankt-Peterburqda baş tutub.
D.C. Handanoviç bildirib ki, Serbiya artıq il yarımdır ki, NIS-ə tətbiq olunan sanksiyalar səbəbindən neft sektorunda yaranmış böhranla mübarizə aparır:
"Bu müddətdə NIS-in sahibi olan "Gazprom Neft" ilə alıcı qismində çıxış edən "MOL Group" arasında alqı-satqı danışıqları davam edir. ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsinə danışıqlar üçün verilmiş lisenziyanın daha bir ay uzadılması məqsədilə yeni müraciət təqdim olunub. Həm Rusiya, həm də Macarıstan tərəfi qalan məsələlərin razılaşdırılması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, biz gələcək alıcı ilə aktiv danışıqlar aparırıq. Məqsədimiz NIS-də mövqeyimizi gücləndirmək və daxili bazarın, ilk növbədə, Pançevodakı neft emalı zavodunun fəaliyyəti hesabına yerli emal məhsulları ilə təmin olunmasını təmin etməkdir".
"NIS ölkənin ÜDM-i və ümumilikdə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan strateji şirkətdir. Ötən ilin sentyabr ayının sonundan bəri bir çox çətinliklərlə üzləşmişik. Bazarın təminatını qorumaq və qiymətlərin kəskin artmasının qarşısını almaq üçün dövlət ehtiyatlarımızdan istifadə etmişik. NIS ilə birlikdə həll yollarının tapılması üzərində çalışmışıq və sabit təchizatın təmin edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik", – Handanoviç əlavə edib.
Tərəflər NIS-ə qarşı tətbiq edilmiş sanksiyalarla bağlı vəziyyətin həlli üçün çıxış yolunun tapılması niyyətini bir daha təsdiqləyib və Macarıstanın MOL şirkəti ilə razılaşmanın əldə olunmasına daha da yaxınlaşdıqlarını bildiriblər.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Serbiyanın NIS neft şirkətinə axırıncı dəfə martın 20-nə kimi fəaliyyətini bərpa etməyə imkan verən xüsusi lisenziya təqdim edib.