02 iyun 2026 18:58
123

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

ABŞ Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafı və təhlükəsizliyinin gücləndirilməsi məqsədilə süni intellekt sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu fikirləri ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında səsləndirib.

O bildirib ki, tərəflər iqtisadi dialoq çərçivəsində regional bağlantılar, ticarət, tranzit, investisiyalar, enerji və rəqəmsal inkişaf məsələlərini ətraflı müzakirə ediblər.

“Bu gün ABŞ və Azərbaycan hökumətlərinin yüksək səviyyəli nümayəndələri və sahə üzrə ekspertləri ilə regional bağlantılar, ticarət, tranzit, beynəlxalq sülh və rifah üçün Tramp marşrutu, ticarətin asanlaşdırılması və aviasiya əməkdaşlığı sahələrində əldə olunan irəliləyişləri müzakirə etdik”, – deyə Kaleb Orr bildirib.

O qeyd edib ki, süni intellekt yeni iqtisadi imkanlar yaradacaq əsas istiqamətlərdən biridir.

“Süni intellektin görünməmiş rifah yaratmaq potensialını nəzərə alaraq, Azərbaycanın rəqəmsal infrastrukturunun yenilənməsi və təhlükəsizliyinin gücləndirilməsi üçün süni intellekt texnologiyalarının daha geniş tətbiqi istiqamətində yol xəritəsini müəyyən etdik”, – deyə ABŞ rəsmisi vurğulayıb.

Kaleb Orr əlavə edib ki, tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və kritik minerallar üzrə çərçivə sazişinin icrası məsələlərini də diqqət mərkəzində saxlayırlar.

“Mən bugünkü dialoq zamanı təqdim olunan layihə və planların həyata keçəcəyini və ikitərəfli iqtisadi münasibətlərimizi daha da gücləndirəcəyini səbirsizliklə gözləyirəm”, – deyə o bildirib.