02 iyun 2026 18:57
112

Mikayıl Cabbarov: Azərbaycan-ABŞ iqtisadi dialoqu strateji tərəfdaşlığın yeni mərhələsini açır

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında iqtisadi əməkdaşlıq strateji tərəfdaşlıq çərçivəsində yeni mərhələyə qədəm qoyur.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir ABŞ nümayəndə heyətinə rəhbərlik edən bu ölkənin Dövlət katibinin köməkçisi Kristofer Kalibora təşəkkürünü ifadə edərək vurğulayıb ki, iqtisadi dialoq ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin 2026-cı ilin fevralında Bakıya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına əsaslanan ilk görüş olub.

“Bu tərəfdaşlıq Prezident İlham Əliyevin və Prezident Donald Trampın baxışları və liderliyinə əsaslanır. Hamımız 2025-ci ilin avqustunda Vaşinqtona tarixi səfəri xatırlayırıq. Həmin səfər zamanı siyasi anlaşma əldə olundu və Strateji Tərəfdaşlıq Xartiyasına dair memorandum razılaşdırıldı”, – deyə nazir vurğulayıb.

Mikayıl Cabbarov bildirib ki, tərəflər əməkdaşlığın dörd əsas istiqaməti üzrə müzakirələr aparıblar. Bunlar regional bağlantılar, ticarət, investisiya və iqtisadiyyat, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, eləcə də süni intellekt və rəqəmsal infrastrukturdur.

Nazirin sözlərinə görə, dialoq çərçivəsində keçirilən müzakirələr konstruktiv və məhsuldar olub.

“Biz dialoq çərçivəsində apardığımız konstruktiv və məhsuldar müzakirələrin nəticələrindən çox məmnunuq”, – deyə o əlavə edib.