02 iyun 2026 17:34
126

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin ekspert heyəti elan olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramının təlimçi və mentor heyəti elan olunub.

“İki sahil” xəbər verir ki, proqramın iştirakçıları dünyanın müxtəlif regionlarını təmsil edən ekspertlər, investorlar, innovasiya liderləri, akademiklər və sahibkarlarla birbaşa ünsiyyətdə olacaqlar.

Mentor heyətində Asiya, Avropa, Afrika, Amerika və Avstraliyadan olan mütəxəssislər təmsil olunur. Onların sırasında Stanford Universitetinin professoru Murat Baday, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzindən (German Research Center for Artificial Intelligence – DFKI) Nicat Mehdiyev, Maltada fəaliyyət göstərən “Deep Tech Foundry” şirkətindən Gonca Kara, Çinin İpək Yolu Yüksək Texnologiyalar Parkları Assosiasiyasından (Silk Road High Tech Park Association) Zhang Xiaogang, eləcə də Pakistanın İnvestisiya və Ticarət Şurasının (Khyber Pakhtunkhwa Board of Investment and Trade) nümayəndələri var.

Bununla yanaşı, Efiopiyadan Dövlət Xidməti Universiteti (Ethiopian Public Service University), Misirdən “New Mansoura University”, Madaqaskardan “Delphi Group”, Türkiyənin OSTİM Texniki Universiteti, Kapadokya və Niğde texnoparkları, Finlandiyadan “The Brutally Honest Ecosystem”, Estoniyadan “BeHumbo”, Rusiyadan “BuzzFactory”, Hindistandan “The Caucasus-Asia Center” və Avstraliyadan “MH Inspires” təşkilatlarını təmsil edən ekspertlər proqrama daxil edilib. Bu müxtəliflik iştirakçılara fərqli regionlarda formalaşmış innovasiya modellərini öyrənmək, beynəlxalq əlaqələr qurmaq və qlobal bazarlara çıxış imkanları barədə birbaşa məlumat əldə etmək imkanı yaradacaq.

Onlayn təlim sessiyalarında Silikon Vadisi, Avropa, Çin, Türkiyə və digər qabaqcıl innovasiya ekosistemlərinin təcrübəsi, innovasiyaların kommersiyalaşdırılması, əqli mülkiyyət, süni intellekt, investisiya cəlbi, sahibkarlıq kimi mövzular əhatə olunacaq.