02 iyun 2026 17:01
235

Uşaqların xoşbəxtliyi hüquqlarının qorunduğu yerdən başlayır

Psixoloq: Valideyn övladının səsini eşidərkən və fikirlərinə dəyər verərkən onun şəxsiyyət kimi formalaşmasına imkan yaradır

Uşaqların hüquqlarının qorunması və onların sağlam mühitdə böyüməsinin təmin edilməsi müasir cəmiyyətlərin qarşısında duran ən vacib vəzifələrdən biridir. Çünki hər bir uşağın təhlükəsiz yaşamaq, təhsil almaq, keyfiyyətli səhiyyə xidmətlərindən yararlanmaq, öz fikrini sərbəst ifadə etmək, istirahət etmək və hər cür zorakılıqdan qorunmaq hüququ var. Bu hüquqların təmin olunması yalnız qanunvericiliklə müəyyən edilən öhdəlik deyil, eyni zamanda, gələcəyin sağlam və məsuliyyətli vətəndaşlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Uşaqların hüquqlarına hörmət edilən cəmiyyətlərdə sosial rifahın, qarşılıqlı etimadın və insan kapitalının daha güclü olduğu müşahidə edilir.

Müasir dövrdə texnologiyaların sürətli inkişafı, sosial münasibətlərdə baş verən dəyişikliklər, ailə institutunun qarşılaşdığı yeni çağırışlar və qloballaşma prosesləri uşaqların həyatına da birbaşa təsir göstərir. Bir tərəfdən uşaqlar daha geniş informasiya imkanlarına malik olur, digər tərəfdən isə internet asılılığı, kibertəhlükələr, zorakılıq halları, emosional təzyiqlər və sosial təcrid kimi yeni risklərlə üzləşirlər. Bu baxımdan uşaq hüquqlarının qorunması məsələsi artıq yalnız fiziki təhlükəsizliyin təmin olunması ilə məhdudlaşmır, eyni zamanda, onların psixoloji sağlamlığının, emosional rifahının və sosial inkişafının dəstəklənməsini də əhatə edir.

Hüquqları qorunan uşaq gələcəyə daha inamla addımlayır

Mütəxəssislər hesab edirlər ki, uşağın hüquqlarının qorunduğu, fikirlərinə dəyər verildiyi və şəxsiyyətinə hörmətlə yanaşıldığı mühit onun özünəinamının formalaşmasına, cəmiyyətə inteqrasiyasına və gələcəkdə hüquq və məsuliyyətini daha yaxşı dərk etməsinə şərait yaradır. Əksinə, sevgi, qayğı və diqqət çatışmazlığı ilə müşayiət olunan mühitlər uşaqlarda müxtəlif psixoloji problemlərin yaranmasına, özünəqapanmaya, aqressiv davranışlara və sosial münasibətlərdə çətinliklərə səbəb ola bilər. Buna görə də uşaqların hüquqlarının müdafiəsi məsələsində ailənin, təhsil müəssisələrinin, dövlət qurumlarının və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür.

Təsadüfi deyil ki, hər il qeyd olunan 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın müxtəlif ölkələrində uşaqların hüquqlarının təşviqi, onların problemlərinin gündəmə gətirilməsi və rifahının yaxşılaşdırılması istiqamətində aparılan fəaliyyətlərin əhəmiyyətini bir daha xatırladır. Bu gün həm də valideynlərə, müəllimlərə və cəmiyyətə uşaqların yalnız maddi deyil, mənəvi və psixoloji ehtiyaclarına da diqqətlə yanaşmağın vacibliyini xatırladan mühüm bir çağırışdır. Uşaq hüquqlarının qorunmasının onların psixoloji inkişafına təsiri, müasir dövrdə mövcud problemlər və bu istiqamətdə görülməli işlərlə bağlı suallarımızı psixoloq Aytən Ələkbərova cavablandırdı.

Ailə uşağın ilk hüquq müdafiəçisi rolunu oynayır

Psixoloq "İki sahil"ə açıqlamasında bildirdi ki, bu gün uşaqların hüquqlarının təmin olunmasında ilk növbədə ailə, dövlət və cəmiyyət birlikdə məsuliyyət daşıyır: "Uşaqların əsas hüquqlarına təhsil almaq, keyfiyyətli səhiyyə xidmətlərindən yararlanmaq, təhlükəsiz mühitdə yaşamaq, zorakılıq və istismardan qorunmaq, öz fikrini sərbəst ifadə etmək, istirahət və oyun hüququ daxildir. Əgər biz bu hüquqları övladlarımıza kiçik yaşlarından öyrədə biliriksə, onların təmin olunması istiqamətində də mühüm addım atmış oluruq.

Bu prosesdə valideynlərin rolu xüsusilə böyükdür. Valideyn övladına qayğı göstərməli, onun hüquqlarını qorumalı və inkişafı üçün sağlam şərait yaratmalıdır. Dövlət qanunlar və sosial proqramlar vasitəsilə uşaqların müdafiəsini təmin etməli, cəmiyyət isə onların hüquqlarına hörmətlə yanaşmalıdır. Çünki bu gün uşağa göstərilən diqqət və ehtiram gələcəkdə onun cəmiyyətə münasibətində də öz əksini tapır.

Uşaq hüquqlarının təmin olunması onların emosional rifahına birbaşa təsir göstərir. Bu, uşağın özünəinamının formalaşmasına, öz dəyərini hiss etməsinə və gələcəkdə hüquqlarını müdafiə edə bilməsinə kömək edir. Məhz buna görə ailə amili hər zaman ön plana çəkilir. Valideyn övladını qoruyarkən, onun səsini eşidərkən və fikirlərinə dəyər verərkən uşağın şəxsiyyət kimi formalaşmasına imkan yaradır".

Sevgi uşağın psixoloji təhlükəsizliyinin təməlidir

A. Ələkbərova Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə valideynlərə müraciətində qeyd etdi ki, övladlarınızı sevin, onlara qayğı göstərin, diqqətinizi və zamanınızı əsirgəməyin: "Uşaq üçün ən böyük ehtiyaclardan biri sevgi və qəbul olunmaq hissidir. Sevgi görən uşaq özünü daha güvənli hiss edir, təhsildə daha fəal olur, həmyaşıdları ilə sağlam münasibətlər qurur və cəmiyyətə daha müsbət yanaşır.

Sevgi və diqqət çatışmazlığı yaşayan uşaqlar isə çox vaxt öz narahatlıqlarını aqressiya, qapanıqlıq və ya müxtəlif davranış problemləri ilə ifadə edirlər. Halbuki valideynin bir xoş sözü, bir nəvazişi, başına çəkilən sığal uşağın daxilindəki narahatlığı azaltmağa, özünü dəyərli hiss etməsinə kömək edir.

Ona görə də övladlarımıza nə qədər sevgi, məhəbbət və dəstək versək, onların hüquqlarını nə qədər qorusaq, gələcəkdə bir o qədər sağlam düşüncəli, özünəinamlı və cəmiyyətə faydalı fərdlər yetişdirə bilərik. Belə uşaqlar həm təhsil, həm sağlamlıq, həm də psixoloji inkişaf baxımından öz sözlərini rahat ifadə etməyi, hüquqlarını müdafiə etməyi və cəmiyyətə sağlam baxış formalaşdırmağı bacaracaqlar".

Nigar Orucova, "İki sahil"