Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci Bakı Enerji Forumu bir daha göstərdi ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan strateji tərəfdaşdır. 31 ildir, Bakı Enerji Həftəsi dünyanın enerji siyasətinin müzakirə olunduğu ən nüfuzlu platformalardan biri kimi fəaliyyət göstərir. Məhz bu platformada əsası qoyulan əməkdaşlıqlar Azərbaycanın müstəqillik dövründə iqtisadi inkişafının təməlini formalaşdırıb, ölkəmizi regionun enerji mərkəzinə çevirib.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev enerji resurslarından səmərəli istifadənin dövlət quruculuğunda və milli inkişafda rolunu xüsusi vurğuladı. Dövlət başçımız qeyd etdi ki, Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin əsasında məhz düzgün enerji siyasəti dayanır: “Ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar”.
Azərbaycanın enerji strategiyasının mahiyyəti ondan ibarətdir ki, neft və qaz gəlirləri ölkədə sosial infrastrukturun qurulmasına, yoxsulluğun azaldılmasına, təhsil və səhiyyə sisteminin inkişafına, eyni zamanda müasir ordunun formalaşdırılmasına yönəldilib.
Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə son illərdə geosiyasi gərginliklərin artdığı şəraitdə Azərbaycan etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirib.
Forum çərçivəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın enerji siyasəti yalnız karbohidrogen ehtiyatlarının ixracı ilə məhdudlaşmır. Ölkəmiz həm də yaşıl enerji keçidində regional liderə çevrilməkdədir.
Prezident İlham Əliyevin də söylədiyi kimi, 2032-ci ilin sonunadək Azərbaycanda günəş və külək enerjisi üzrə istehsal gücü 8 giqavata çatdırılacaq. Bu istiqamətdə Qara dəniz enerji kabeli, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji xətti və Mərkəzi Asiyadan yaşıl enerjinin nəqlini nəzərdə tutan layihələr enerji xəritəsində yeni mərhələnin başlanğıcı olacaq.
Cənab Prezidentin də söylədiyi kimi, “Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək və bütün bunlar hamımız üçün böyük sərvətdir.”
Ümumiyyətlə, Bakı Enerji Forumu siyasi baxımdan mühüm platformadır. ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmerin foruma ünvanladığı məktublar Azərbaycanın beynəlxalq enerji siyasətində artan rolunun göstəricisidir. Bu məktublarda da Azərbaycanın enerji təhlükəsizliyi, regional əməkdaşlıq və yaşıl enerji keçidi sahəsində oynadığı rol yüksək qiymətləndirilib. Bu isə Bakının qlobal siyasi qərarların müzakirə olunduğu mühüm diplomatik mərkəzlərdən birinə çevrildiyini təsdiqləyir.
31-ci Bakı Enerji Forumu ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, yeni investisiyaların cəlb olunmasına, enerji bazarlarında əməkdaşlığın genişlənməsinə və regional inteqrasiyanın güclənməsinə xidmət edir.
Bu gün Bakı həm Xəzər regionunun, həm də Avrasiya məkanının enerji paytaxtlarından biri kimi çıxış edir. Forum çərçiəvəsində aparılan müzakirələr də göstərir ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri gələcəkdə də qlobal enerji təhlükəsizliyinin əsas seqmentindən biri olacaqdır.
Nigar Məmmədova,
Milli Məclisin deputatı