02 iyun 2026 14:41
158

Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan uğurlu aqrar ölkəyə çevrilir

Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkəmizdə aqrar sahənin inkişafına dövlət səviyyəsində verilən önəmin növbəti dəfə aydın ifadəsi oldu.

Dövlətimizin başçısı çıxışında kənd təsərrüfatının sosial sabitlik, ərzaq təhlükəsizliyi və regionların davamlı inkişafı baxımından strateji sahə olduğunu xüsusi vurğuladı.

Son 20 ildən artıq dövrdə həyata keçirilən Regional İnkişaf Proqramlarının nəticəsində bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olunub, kəndlərin sosial siması dəyişib, məşğulluq imkanları artıb, insanların yaşayış şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu gün regionlarda qazlaşdırma, elektrik təchizatı, yol infrastrukturu və su təminatı sahəsində əldə olunan nailiyyətlər məhz məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

Müşavirədə kənd təsərrüfatının inkişafı istiqamətində subsidiyaların, güzəştli kreditlərin, aqroparkların yaradılmasının və fermerlərə göstərilən dövlət dəstəyinin əhəmiyyəti geniş şəkildə diqqətə çatdırılıb. Eyni zamanda, pambıqçılıq, baramaçılıq, fındıqçılıq və digər ənənəvi sahələrin yenidən dirçəldilməsi aqrar sahədə həyata keçirilən islahatların uğurlu nəticəsi kimi dəyərləndirilib.

Prezident İlham Əliyevin kənd təsərrüfatında mövcud dinamikanın daha da sürətləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar qarşıdakı dövr üçün mühüm yol xəritəsi müəyyən edir. Xüsusilə 2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramının hazırlanması aqrar sahədə məhsuldarlığın artırılması, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bundan başqa, Azərbaycan kənd təsərrüfatında illərdir yığılıb qalan problemlər Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə gündəmə gətirildi. Azərbaycan neft ölkəsi olmaqla yanaşı, tarixi boyu həm də aqrar ölkə olub. Təəssüf ki, bu illər ərzində dövlət dəstəyinə, yeni kadrların təyinatına baxmayaraq, kənd təsərrüfatı sahəsində struktur problemlər qalmaqdadır. Orta statistik vətəndaş orta keyfiyyətli məhsulu yüksək qiymətə alır. Cənab Prezident açıq şəkildə tapşırıq verdi ki, daxili tələbat, xüsusilə ət və süd məhsulları tamamilə yerli istehsal hesabına ödənilməlidir. Bunun üçün mövcud qurumların fəaliyyəti yenidən təşkil olunmalı, xroniki problemlər aradan qaldırılmalıdır. Fermerlər subsidiya kartlarına çıxışda, rəsmi prosedurlarda, məhsul planlaşdırılmasında dəstək görmürlər. Bir il soğan bahalaşır, növbəti il hamı soğan əkir. Bu, dövlət tərəfindən düzgün yönləndirilməlidir. Torpaq, örüş yerləri, texnika, yerli idarəetmə və məhsulların bazara çıxarılması sahəsində də problemlər mövcuddur. Gəlinən nəticələrdən biri də odur ki, dünya praktikasında uğurlu mexanizmlər var, onları Azərbaycana uyğunlaşdırmaq lazımdır.

Ən əsası, Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə dair keçirdiyi son müşavirə həm yerli sahibkarlara, həm də xarici investorlara yönəlmiş çox güclü mesaj oldu. Dövlətimizin başçısı ötən 22 illik nəhəng infrastruktur yoluna nəzər salmaqla yanaşı, qarşıdakı 4 il yarım üçün qarşıya konkret hədəflər qoydu. Ölkəmizin qlobal miqyasda “orta güc” kimi qəbul olunduğu bir dövrdə aqrar sahəyə ümumilikdə 5 milyard manatdan çox vəsaitin cəlb edilməsi hədəfi Azərbaycanın iqtisadi müstəqilliyinin nə dərəcədə sarsılmaz olduğunu bir daha sübuta yetirir.

Eyni zamanda, ortaya qoyulan rəsmi faktlara əsasən, hazırda taxılçılıqda hər hektardan 3,2 ton məhsul yığılır və əsas hədəf bu göstəricini 5 tona çatdırmaqdır. Pambıqçılıqda isə görülən işlər nəticəsində istehsal 360 min tona, məhsuldarlıq isə hektara 3,6 tona yüksəlib. Lakin növbəti mərhələdə məqsəd hektardan minimum 5 ton məhsul götürməklə ümumi pambıq istehsalını 500 min tona çatdırmaq və xaricə mahlıc deyil, birbaşa hazır sənaye məhsulu ixrac etməkdir. Bu inkişafı təmin etmək üçün hazırda 130 min hektarda tətbiq olunan müasir suvarma sistemlərinin sahəsi 300 min hektara qaldırılacaq. Paralel olaraq, intensiv bağçılıq üzrə 20 min hektar yeni bağ sahəsi salınacaq, istixanaların ərazisi isə artırılacaq. Digər mühüm fəaliyyət istiqaməti məhsulların itkisiz saxlanması və heyvandarlıq sahəsidir. Bu məqsədlə mövcud 400 min tonluq soyuducu anbar infrastrukturunun tutumu daha 100 min ton artırılaraq 500 min tona çatdırılacaq. Eyni zamanda, mal ətində 84 faiz, quş ətində 82 faiz və qoyun ətində 94 faiz olan yerli təminat səviyyəsinin qısa müddətdə 100 faizə çatdırılması tələb olunur. Kənd təsərrüfatında müşahidə olunan durğunluğu tamamilə aradan qaldıracaq bu yeni Dövlət Proqramı 2026-2030-cu illəri əhatə edəcək. Bu qısamüddətli, lakin genişmiqyaslı proqramın icrası üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox olmaqla, ümumilikdə 5 milyard manat vəsaitin inve

Dövlətimizin başçısının kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdış prosesinin təşviq olunması ilə bağlı səsləndirdiyi yanaşma xüsusi diqqət çəkir. Bu yanaşma regionlarda sosial rifahın yüksəldilməsi, kənd həyatının daha cəlbedici hala gətirilməsi və insanların doğma torpaqlara bağlılığının gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Müşavirədə su təminatı, müasir suvarma sistemlərinin genişləndirilməsi, torpaqdan səmərəli istifadə, intensiv bağçılığın inkişafı, istixana komplekslərinin artırılması və aqrar sahədə innovativ texnologiyaların tətbiqi kimi məsələlərin ön plana çıxarılması Azərbaycanın kənd təsərrüfatında yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Hesab edirəm ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər və həyata keçiriləcək yeni proqramlar nəticəsində kənd təsərrüfatı sahəsində dayanıqlı inkişaf daha da sürətlənəcək, regionların iqtisadi potensialı genişlənəcək və Azərbaycanın ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcək.

Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri