Əsas prioritetlərimiz milli komandanın hazırlıq bazasının gücləndirilməsi, peşəkar infrastrukturun genişləndirilməsi və Azərbaycanın regionun aparıcı qolf mərkəzlərindən birinə çevrilməsidir
Azərbaycan idmanının inkişaf edən və perspektivli istiqamətlərindən biri olan qolf son illərdə ölkəmizdə daha geniş auditoriyanın diqqətini cəlb etməyə başlayıb. Ənənəvi olaraq müəyyən stereotiplərlə müşayiət olunan bu idman növü artıq təkcə peşəkar yarışlarla deyil, həm də gənclərin idmana cəlb edilməsi, sağlam həyat tərzinin təşviqi və idman turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qolfun Azərbaycandakı mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran strateji hədəflər barədə daha ətraflı məlumat almaq üçün Azərbaycan Qolf Federasiyasının Baş katibi Arif Novruzovla həmsöhbət olduq.
Azərbaycan Qolf Federasiyasının Baş katibi Arif Novruzov müsahibəsində ölkədə qolf idmanının inkişaf dinamikasından, bu sahədə həyata keçirilən layihələrdən, qolfun daha əlçatan və kütləvi idman növünə çevrilməsi istiqamətində görülən işlərdən, eləcə də federasiyanın uzunmüddətli strateji prioritetlərindən danışıb.
- Azərbaycanda qolf idmanının mövcud vəziyyəti necə qiymətləndirilir və Federasiyanın əsas inkişaf prioritetləri nələrdir?
- Azərbaycanda qolf idmanının inkişafı Azərbaycan Qolf Federasiyasının prezidenti cənab Rauf Xəlilovun yenidən bu vəzifəyə seçilməsi ilə yeni və daha dinamik mərhələyə qədəm qoyub. Federasiya olaraq həm paytaxtda, həm də regionlarda qolfun kütləviləşdirilməsi istiqamətində ardıcıl və strateji layihələr həyata keçiririk. Əsas prioritetlərimiz milli komandanın hazırlıq bazasının gücləndirilməsi, peşəkar infrastrukturun genişləndirilməsi və Azərbaycanın regionun aparıcı qolf mərkəzlərindən birinə çevrilməsidir.
-Qolfun “elit idman növü” stereotipinin aradan qaldırılması istiqamətində hansı real nəticələr əldə olunub?
-Federasiyanın zəngin turnir təqvimi qolfun hər kəs üçün əlçatan idman növü olduğunu göstərir. 17 may tarixində keçirilən “BYD Golf Cup” turniri və 14 iyun tarixində Qubada baş tutacaq Azərbaycan Birinciliyi geniş auditoriyanın diqqətini bu idman növünə yönəldəcək. Bu kimi tədbirlər qolfun cəmiyyətdə daha əlçatan və kütləvi idman növü kimi formalaşmasına mühüm töhfə verir.
-Qolfun regionlarda inkişafı və turizm potensialı ilə bağlı hansı strateji addımlar atılır?
-Bu il qolfun coğrafiyasının genişləndirilməsi istiqamətində iddialı planlarımız mövcuddur. Qolfun təbliği məqsədilə Xankəndi şəhərinə, “İdman Paytaxtı” olan Qazax rayonuna və Naxçıvan Muxtar Respublikasına səfərlər planlaşdırılır, həmin bölgələrdə müxtəlif tədbirlər keçiriləcək. Bu təşəbbüslər regionlarda qolfun inkişafına, eyni zamanda Azərbaycanın idman turizmi potensialının gücləndirilməsinə xidmət edir.
-Azərbaycan Qolf Federasiyasının strateji inkişaf konsepsiyası hansı əsas hədəflərə söykənir?
-Azərbaycan Qolf Federasiyasının prezidenti cənab Rauf Xəlilovun rəhbərliyi ilə hazırlanan strateji yol xəritəsi qolfun kütləviləşdirilməsi, yerli mütəxəssislərin – məşqçi və hakim heyətinin peşəkarlıq səviyyəsinin artırılması, eləcə də ölkə üzrə infrastrukturun genişləndirilməsi prinsiplərinə əsaslanır. “Yaşılın Sirri” kimi layihələr və regionlarda həyata keçirilən təşəbbüslərlə Azərbaycan qolfunu beynəlxalq səviyyədə daha yüksək mövqeyə daşımağı qarşıya məqsəd qoymuşuq.
Yaqut Ağaşahqızı, “İki sahil”