Mayın 25-də YAP Kürdəmir rayon təşkilatının “Atakişili kənd 1” ərazi partiya təşkilatında (DSMF-nın 1 saylı Mərkəzi Aran Regional filialı) 28 May – Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 108 il keçir. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddətdə - 23 ay ərzində çox böyük işlər gördü. Belə ki, dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edildi. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta, bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövrdə atılan addımlardandır. Tarixin mürəkkəb sınaqları nəticəsində Azərbaycan öz istiqlalını itirsə də, xalqımızın qəlbində azadlıq arzusu heç zaman sönmədi. Ulu Öndər Heydər Əliyev müdrik siyasəti ilə müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini qurdu, ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi və dövlətçiliyimizi əbədi etdi. Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər xalqımızın yenilməzliyini, dövlətimizin gücünü və milli ruhumuzun əzəmətini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə həm də 1918-ci ildə qurulan Cümhuriyyətin ideallarının yaşadığını və Azərbaycan xalqının daim müstəqillik uğrunda mübariz olduğunu göstərdi.
Tədbirdə çıxış edən “Atakişili kənd 1” ərazi partiya təşkilatının sədri, DSMF-nın 1 saylı Mərkəzi Aran Regional filialının baş mütəxəssisi Teymur Hüseynov bildirdi ki , bu gün Azərbaycanın adı dünya dövlətləri sırasında böyük hörmətlə çəkilir. Güclü ordumuz, qüdrətli iqtisadiyyatımız və milli birliyimiz ölkəmizi regionun lider dövlətinə çevirib. Azərbaycan xalqı tarix boyu saysız-hesabsız çətinliklərdən, ağır sınaqlardan keçsə də, azadlıq arzusu heç vaxt sönməmişdir. Məhz bu yenilməz ruhun nəticəsi olaraq xalqımız öz müstəqilliyini bərpa etmiş, güclü və qüdrətli dövlət quraraq dünya birliyində layiqli yerini tutmuşdur.
Tədbirdə çıxış edən YAP üzvləri – DSMF-nın 1 saylı Mərkəzi Aran Regional filialının direktor müavini Asif Əliyev, Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional filialının baş mütəxəssisi Elşad Qurbanov bildiriblər ki , Azərbaycan xalqının şərəf və qürur tarixi olan 28 May – Müstəqillik Gününü böyük ehtiram və sonsuz sevgi ilə qeyd edirik. 1918-ci ilin 28 may tarixində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu möhtəşəm hadisə xalqımızın azadlıq ruhunun, milli iradəsinin və dövlətçilik əzminin təntənəsi idi.