Naxçıvan Şəhər İcra Hakimiyyəti və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, bu əlamətdar günlərin xalqımızın milli qürurunun, birliyinin və dövlətçilik iradəsinin təcəssümü olduğunu vurğulayıb. O, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, şəhidlərimizin misilsiz qəhrəmanlığından və qazilərimizin şücaətindən bəhs edib.
Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına da toxunan Anar Babayev Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən onların müraciətlərinin həssaslıqla araşdırıldığını, qarşılaşdıqları problemlərin həlli istiqamətində görülən işlərin daim diqqətdə saxlanıldığını bildirib.
Daha sonra “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, şəhid Emin Rüstəmovun anası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova və Vətən müharibəsi iştirakçısı, qazi Pərviz Muradov çıxış edərək tarixi Zəfərin əldə olunmasında xalq-ordu birliyinin, vətənpərvərliyin, qəhrəmanlığın və fədakarlığın mühüm rolundan danışıblar.
Tədbir çərçivəsində Azərbaycanın şanlı Zəfər yolunu əks etdirən videoçarx nümayiş olunub, iştirakçılara bədii proqram təqdim edilib.
Bəxtiyar Əliyev
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi