22 may 2026 17:02
128

Beynəlxalq təcrübə mübadiləsi şəhərsalma sahəsində əməkdaşlığı gücləndirir - Timor-Lesteli Dövlət Katibi WUF13 barədə danışıb

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu mühüm platforma kimi dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirir.

“İki sahil” forum iştirakçılarının tədbirlə bağlı təəssüratlarını öyrənməyə davam edir.

Timor-Lestenin Dövlət İdarəetmə Nazirliyi yanında Toponimiya və Şəhər Təşkilatlanması üzrə Dövlət Katibi Emiliana Soares “İki sahil”ə özəl açıqlamasında Azərbaycana və BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) dəvət üçün təşəkkür edib.

O bildirib ki, bu mötəbər tədbirdə iştirak Timor-Leste üçün mühüm imkan yaradıb: “İlk növbədə Azərbaycan hökumətinə və BMT-nin UN-Habitat təşkilatına dəvət üçün təşəkkür edirəm. Bu prestijli tədbirdə iştirak etmək imkanımız oldu. Mənim üçün ən önəmli məqamlardan biri müxtəlif ölkələrdən olan həmkarlarla təcrübə mübadiləsi aparmaq və şəhərsalma sahəsində yeni biliklər əldə etməkdir”.

Emiliana Soares qeyd edib ki, forum beynəlxalq əməkdaşlıq və şəbəkələşmə baxımından xüsusi əhəmiyyət daşıyır: “Ümid edirəm ki, bu tədbirdən sonra da ölkələr arasında əməkdaşlıq davam edəcək. Yalnız bu forumla məhdudlaşmadan, gələcəkdə də güclü əlaqələrin qurulmasını arzulayıram. Xüsusilə Azərbaycan hökuməti ilə Timor-Leste arasında yaxşı əməkdaşlığın inkişaf edəcəyinə ümid edirəm”.

O, WUF13-ü şəhərsalma sahəsində qlobal bilik mübadiləsi üçün vacib platforma kimi qiymətləndirib.

Yaqut Ağaşahqızı, "İki sahil"