22 may 2026 11:57
117

Azərbaycan beynəlxalq əməkdaşlıq və humanitar gündəmdə mühüm rol oynayır

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) dinamik və məhsuldar müzakirələrlə yadda qalır. Qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu bu mühüm platformada iştirakçılar müxtəlif ölkələri təmsil edərək öz təcrübə və baxışlarını bölüşürlər.

“İki sahil” forum iştirakçıların tədbirlə bağlı  təəssüratlarını öyrənir.

BMT-nin Ümumdünya Şəhərsalma Forumu çərçivəsində iştirak edən Nigeriyalı nümayəndə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram Departamentinin işçisi Aroqun Con Ayomide “İki sahil”ə özəl açıqlamasında forumun əhəmiyyətindən və Azərbaycanın beynəlxalq arenadakı rolundan danışıb.

O bildirib ki, bu, onun BMT tədbirlərində ilk iştirakı deyil və Azərbaycanda fəaliyyət göstərən tərəfdaş təşkilatlarla xüsusilə mina təmizlənməsi və humanitar istiqamətdə əməkdaşlıq edirlər. Aroqun Con Ayomide Azərbaycanın beynəlxalq məlumatlandırma və qlobal əməkdaşlıq baxımından mühüm işlər gördüyünü vurğulayıb: “Azərbaycan müxtəlif ölkələrdən siyasətçiləri, media nümayəndələrini və beynəlxalq təşkilatları bir araya gətirən uğurlu siyasət həyata keçirir. Bu cür platformalar dünya üçün vacib olan problemlərin müzakirəsinə imkan yaradır”.

Nigeriyalı nümayəndə COP29-un Azərbaycanda keçirilməsini də mühüm nümunə kimi qiymətləndirib. Onun sözlərinə görə, bu tədbir dünyanın müxtəlif ölkələrindən insanları bir araya gətirib və iştirakçılar Bakının gözəlliyi, insanların qonaqpərvərliyi ilə bağlı müsbət təəssüratlarını bölüşüblər.

Aroqun Con Ayomide Prezident İlham Əliyevin beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi siyasəti də yüksək qiymətləndirib. O qeyd edib ki, BMT, Avropa Komissiyası və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycanda bir araya gəlməsi ölkənin beynəlxalq nüfuzunun göstəricisidir.

Şəhərsalma məsələsinə toxunan nümayəndə urbanizasiyanın təhlükəsizlik məsələləri ilə paralel şəkildə inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, xüsusilə münaqişədən sonrakı ərazilərdə mina təmizlənməsi olmadan yaşayış məntəqələrinin, məktəblərin və infrastrukturun qurulması mümkün deyil: “İnsanların təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün mina təmizlənməsi urbanizasiyanın əsas hissəsi hesab olunmalıdır”.

Sonda Aroqun Con Ayomide belə beynəlxalq tədbirlərin Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını qeyd edərək, gələcəkdə də ölkədə bu cür forumların daha çox keçirilməsinin vacibliyini vurğulayıb.

Yaqut Ağaşahqızı,”İki sahil”