22 may 2026 00:57
116

Tullantıların milyonlara çevrildiyi məkan

Balaxanı Sənaye Parkında 430 milyon manat dəyərində məhsul istehsal edilib

Cari ildə «Təmiz Şəhər» Açıq Səhmdar Cəmiyyətinin Balaxanı Sənaye Parkında daha iki sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Parkın yeni rezidenti olan «Aral Pack» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən burada alüminium folqa qapaqları istehsal olunacaq. Digər sahibkarlıq subyekti «Baku Klişecilik və qrafik LTD ŞTİ» MMC isə parkın ərazisində müasir qrafik dizayn əsaslı çap qəliblərin istehsalı ilə məşğul olacaq. İstehsal müəssisələrinin fəaliyyətə başlaması ilə parkın ərazisində yeni iş yerləri yaradılacaq.

Yeri gəlmişkən, hər iki müəssisədə istehsal prosesi zamanı ətraf mühitin mühafizəsinə və tullantıların azaldılmasına xüsusi diqqət yetiriləcək. Eyni zamanda, yeni rezidentlər Balaxanı Sənaye Parkının ərazisində təkrar emal fəaliyyətləri ilə məşğul olmaqla «yaşıl» iqtisadiyyata mühüm töhfə verəcəklər.

Ümumiyyətlə, Balaxanı Sənaye Parkı son illərdə daha da  müasirləşək ölkə iqtisadiyyatına öz töhvələrini verir. Yəni, təbii resursların azaldığı və ekoloji çağırışların artdığı bir şəraitdə tullantıların yenidən emal olunaraq istehsal dövriyyəsinə qaytarılması ətraf mühitin qorunması ilə yanaşı, iqtisadi səmərəliliyin yüksəldilməsinə də xidmət edir. Azərbaycanda bu sahənin sənaye əsaslı və sistemli inkişafı sözügedən parkın yaradılması ilə yeni mərhələyə qədəm qoyub. Dövlət dəstəyi və özəl investisiyanın birgə fəaliyyəti əsasında formalaşan park bu gün təkcə ekoloji təşəbbüs deyil, eyni zamanda, innovativ istehsal, resursların səmərəli idarə olunması və qeyri-neft sektorunun inkişafını təşviq edən mühüm iqtisadi platforma kimi çıxış edir.

Qeyd edək ki, 2017-ci ildə rəsmi açılışı olan və «Təmiz Şəhər» ASC-nin idarəçiliyində fəaliyyət göstərən Balaxanı Sənaye Parkı ötən dövr ərzində ciddi inkişaf yolu keçib. İlk mərhələdə cəmi 7 hektarlıq sahəni əhatə edən müəssisənin ərazisi sahibkarlıq subyektlərinin artan tələbatı nəticəsində genişləndirilərək 28,565 hektara çatdırılıb. Bu isə parkın infrastruktur imkanlarının və fəaliyyət miqyasının ilkin dövrlə müqayisədə 4 dəfədən çox artması deməkdir.

Hazırda parkda 28 rezident fəaliyyət göstərir və 29 müxtəlif istiqamət üzrə məhsul istehsal olunur. Burada atılmış, işlənmiş və lazımsız sayılan materiallar yenidən emal olunaraq yeni məhsula çevrilir. Məsələn, kağız tullantılardan kraft kağız çantalar hazırlanır, plastik tullantılar isə meyvə-tərəvəz taralarına, gül dibçəklərinə və müxtəlif plastik məmulatlara çevrilir. İşlənmiş qida yağları biodizel üçün xammal kimi yenidən istehsala qayıdır, mühərrik yağlarından isə keyfiyyətli sürtkü yağları əldə edilir. Plastik materiallardan qapı və arakəsmələr, polietilen tullantılardan qranullar, süngər tullantılarından isə mebel istehsal olunur. Bu siyahı parkın nə qədər çoxşaxəli və yaradıcı bir ekosistem olduğunu açıq şəkildə göstərir.

«Təmiz Şəhər» ASC-nin mətbuat üçün açıqlamasında bildirilir ki, sahibkarlar indiyədək Balaxanı Sənaye Parkına təqribən 58 milyon manat investisiya yatırıblar. Parkın fəaliyyəti sayəsində 1400-dən çox yeni iş yeri yaradılıb. Ümumilikdə 430 milyon manat dəyərində məhsul istehsal edilib və bunun da 33 milyon manatlıq hissəsi ixrac olunub. Balaxanı Sənaye Parkının fəaliyyətində sahibkarlar üçün yaradılmış üstünlüklərdən biri də burada «vahid pəncərə» sisteminin tətbiq olunmasıdır. Bu sistem sayəsində iş adamları bütün inzibati, hüquqi və rəsmi prosedurları tək bir məkanda, vaxt itirmədən və əlavə resurs xərcləmədən rahatlıqla həll edə bilirlər.

Sahibkarlara təqdim olunan imkanlar təkcə bununla məhdudlaşmır. Həmçinin tullantıları emal edərək ətraf mühitin qorunmasına töhfə verən rezidentlər dövlət tərəfindən ciddi maliyyə stimulları ilə dəstəklənir. Belə ki, mənfəət, torpaq, əmlak və əlavə dəyər vergilərindən 10 il müddətinə tam azad olunan sahibkarlar, eyni zamanda, istehsal məqsədilə idxal etdikləri texnoloji avadanlıqlar üçün də 10 il müddətinə gömrük rüsumlarından azaddırlar. Bu genişmiqyaslı güzəştlər investisiya mühitini daha da cəlbedici edir, yeni rezidentlərin axınını sürətləndirir və sahibkarların öz fəaliyyətlərini genişləndirmələrinə əlverişli zəmin yaradır.

Elçin Zaman, «İki sahil»