BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu, müxtəlif ölkələrin nümayəndələrinin öz təcrübə və baxışlarını bölüşdüyü mühüm beynəlxalq platforma kimi dinamik və məhsuldar müzakirələrlə yadda qalır.
“İki sahil” olaraq biz də forumun gedişini izləyir, iştirakçıların tədbirlə bağlı gözləntilərini və təəssüratlarını öyrənirik.
Forum iştirakçılarından biri -Nigeriya Respublikasını təmsil edən, Fiziki Planlaşdırma və Şəhər İnkişafı Nazirliyində Şəhərsalma və ərazi planlaşdırılması üzrə direktor müavini Felicia Aleburu “İki sahil”ə açıqlamasında Bakıdakı WUF13 haqqında müsbət fikirlər səsləndirdi. O, bu forumu indiyə qədər iştirak etdiyi ən maraqlı və maarifləndirici konfranslardan biri kimi dəyərləndirdi.

Onun sözlərinə görə, Bakı şəhəri ümumilikdə çox xoş təəssürat yaradır: "Şəhərin yaşayış infrastrukturu, memarlıq üslubu və nəqliyyat sistemi yüksək səviyyədədir və şəhər olduqca gözəldir".
Felicia Aleburu Bakıda ilk dəfə olduğunu və Forumda iştirakından məmnun qaldığını qeyd etdi.
O, forum müddətində müxtəlif sərgilərlə tanış olduğunu, şəhərsalma ilə bağlı modelləri izlədiyini və bu prosesdən çoxlu biliklər qazandığını qeyd edir. Həmçinin əldə etdiyi materialların gələcəkdə öz ölkəsində şəhərsalma sahəsində tətbiqinə kömək edəcəyini bildirdi.
Felicia Aleburu forumun təşkilatçılığını da yüksək qiymətləndirdi. Onun fikrincə, hazırlıq prosesi uğurlu aparılıb, mühit səliqəlidir və ümumi təşkilati işlər yüksək səviyyədədir. O, tədbirdən razı qaldığını və bu təcrübəyə görə təşəkkür etdiyini bildirdi.
Yaqut Ağaşahqızı,”İki sahil”