19 may 2026 17:10
124

WUF13-də münaqişə və həssas şəraitdə şəhərsalma həlləri müzakirə olunub

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti” mövzusunda tədbir keçirilir

Tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Baku Hub) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov bildirib ki, Azərbaycan "UN-Habitat" (BMT-nin İnsan Məskənləri Proqramı) və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa iştirakı ilə Bakıda keçirilən WUF13 çərçivəsində "Təhlükəsiz Qayıdış üçün Ağıllı Dayanıqlı Məskunlaşma" kompleks həll paketini təşəbbüs edib: “Biz həmçinin bu təşəbbüsü dəstəkləyən və onun həmmüəlliflərindən biri olan Bakı İqlim Sülh Qovşağının (Baku Climate Peace Hub) varlığına sahibik. Təşəbbüsün məqsədi münaqişədən sonrakı şəraitdə yenidənqurma, mənzil təminatı və bərpa üçün inteqrasiya olunmuş yanaşmalar üzrə beynəlxalq dialoqu stimullaşdırmaq və praktiki həllər hazırlamaqdır. İlk olaraq, bu təşəbbüsün həm ev sahiblərindən, həm də müəlliflərindən biri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva qeyd edib ki, Azərbaycan öz ərazilərinin – Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması sahəsində, uzun illər işğal dövründə məhv edilmiş və dağıdılmış ərazilərin yenidən inşasında çox yaxşı təcrübəyə malikdir: İndi burada çox genişmiqyaslı təşəbbüslər həyata keçirilir və biz inanırıq ki, Azərbaycan post-böhran, post-münaqişə dövründə oxşar çətinliklərlə üzləşən ölkələr üçün bir model inkişaf etdirir. Bərpa və genişmiqyaslı yenidənqurma işləri təkcə şəhərlərin, icmaların və insanların həyatının yenidən qurulmasından ibarət deyil, bütün bunlar regionda sülhə xidmət edir. Ölkəmizin tətbiq etdiyi bu təşəbbüslər çoxşaxəli yanaşmanı özündə ehtiva edir: “Çünki bu təşəbbüs bütövlükdə bir sıra ölçüləri özündə birləşdirir. Şəhəhərlərin yenidən qurulması, demək olar ki, sıfırdan bərpa edilməsi. Bu prosesdə insan mərkəzli şəhərsalma prinsipləri tətbiq olunur. İnfrastruktur inkişaf etdirilir, lakin bu təkcə infrastruktur və əlçatanlıqla məhdudlaşmır; bu, regionda məkan planlaşdırılmasına kompleks yanaşmadır”.

Sessiyalar zamanı iqlim dəyişiklikləri, post-münaqişə dövründə dayanıqlı yaşayış məntəqələrinin qurulması, təhlükəsiz geri dönüş mexanizmləri, şəhər dayanıqlılığı məsələləri müzakirə olunub.

Orxan Vahidoğlu, “İki sahil”