19 may 2026 15:58
179

Müasir şəhərsalma və dayanıqlı inkişaf üzrə qlobal dialoq platforması - WUF13

2026-cı il mayın 17-dən 22-dək Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF) 13-cü Sessiyası qlobal şəhərsalma gündəliyinin əsas müzakirə platformalarından biri kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilən Forum dayanıqlı şəhər inkişafı, müasir urbanizasiya çağırışları, inklüziv yaşayış mühitinin formalaşdırılması və ekoloji tarazlığın qorunması istiqamətində dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin qlobal əməkdaşlıq platformalarında artan nüfuzunun və beynəlxalq etimadın mühüm göstəricisidir. Son illərdə Azərbaycan siyasi, iqtisadi, humanitar və idman sahələrində mühüm beynəlxalq tədbirlərin keçirildiyi etibarlı məkan kimi tanınmış, müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu təşviq edən ölkə kimi öz mövqeyini daha da möhkəmləndirmişdir.

Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin beynəlxalq əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası rekord sayda iştirakçını bir araya gətirmişdir. Dövlət başçısı qeyd etmişdir: “Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq”.

Prezident İlham Əliyev çıxışında Forumun Azərbaycanın beynəlxalq imicinin təqdimatı baxımından da mühüm rol oynadığını vurğulayaraq bildirmişdir ki, Bakıya səfər edən qonaqlar ölkəmizin müasir inkişaf modelini yaxından görmək imkanı əldə edəcəklər. Dövlət başçısı qeyd etmişdir: “Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar”.

Azərbaycanın coğrafi və sivilizasiya baxımından xüsusi mövqeyinə də diqqət çəkərək vurğulamışdır ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və tarix boyu Şərqlə Qərbin qovuşduğu məkan olmuşdur. Bu xüsusiyyət ölkəmizin beynəlxalq dialoq, əməkdaşlıq və multikultural dəyərlərin təşviqi istiqamətində mühüm rolunu daha da gücləndirir.

Çıxış zamanı dövlət başçısı 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. Bu qərarın ölkədə şəhərsalma siyasətinin təkmilləşdirilməsi, milli memarlıq irsinin qorunması və müasir urban inkişaf konsepsiyalarının tətbiqi baxımından strateji əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Prezident İlham Əliyev Forumun təşkilinə göstərilən dəstəyə və Azərbaycanın belə məsuliyyətli tədbirə ev sahibliyi etməsinə görə təşəkkürünü ifadə edərək bildirmişdir ki, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda uzun illər işğal altında olmuş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində üç milli şəhərsalma forumu keçirilmişdir. Bu təşəbbüslər postmünaqişə dövründə müasir şəhərsalma modelinin tətbiqi və dayanıqlı yaşayış məkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısı çıxışında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesinə də xüsusi diqqət ayırmışdır. Bildirilmişdir ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması hazırda dövlət siyasətinin əsas prioritetlərindən biridir. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin Baş planları hazırlanır, müasir infrastruktur layihələri icra edilir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur.

Prezident İlham Əliyev qeyd etmişdir ki, işğal nəticəsində ciddi ekoloji və urban dağıntılara məruz qalmış ərazilərdə ətraf mühitin bərpası istiqamətində mühüm işlər görülmüşdür. Azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi müasir ekoloji standartlara əsaslanır və dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə həyata keçirilir.

Çıxış zamanı Bakının müasir şəhərsalma nümunəsi kimi inkişafına da toxunan dövlət başçısı qeyd etmişdir ki, Bakı Qran-Prisinin şəhər halqasında keçirilən azsaylı yarışlardan biri olması paytaxtın müasir infrastruktura və yüksək urban imkanlara malik olduğunu nümayiş etdirir.

Belə ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın dayanıqlı inkişaf, müasir şəhərsalma və beynəlxalq əməkdaşlıq sahəsində artan rolunu bir daha nümayiş etdirmişdir. Forum çərçivəsində aparılan müzakirələr və təqdim olunan təşəbbüslər gələcək şəhərsalma strategiyalarının formalaşdırılması, urban çağırışlara innovativ yanaşmaların tətbiqi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri