BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) üçüncü günü də dinamik və məhsuldar müzakirələrlə yadda qalır. Qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu bu mühüm platformada iştirakçılar müxtəlif ölkələri təmsil edərək təcrübə və baxışlarını bölüşürlər.
“İki sahil” olaraq biz də forumun gedişini izləyir, iştirakçıların tədbirə dair gözləntilərini və ilk təəssüratlarını öyrənirik.
WUF13 möhtəşəm, beynəlxalq və qlobal miqyaslı bir tədbirdir. Bakının ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına yüksək səviyyədə hazırlıq işləri görülüb və çox peşəkar şəkildə təşkil olunub. Buna görə forumun təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.
Bunu Avropa Parlamentinin sabiq vitse-prezidenti və İon adalarının sabiq qubernatoru Rodi Kratsa-Tsagaropoulou “İki sahil”ə özəl açıqlamasında bildirib.
“Bakı heyranedici şəhərdir. Burada tarixi irs və müasir infrastruktur bir-birini tamamlayır. Şəhər həm çox təmiz, həm də təhlükəsizdir. İnsanlar olduqca qonaqpərvərdirlər və bu, şəhərə xüsusi dəyər qatır”, – deyə müsahimiz bildirib.
O, həmçinin Azərbaycan mətbəxinin zənginliyini qeyd edərək Bakının turizm baxımından cəlbedici məkan olduğunu vurğulayıb.
Qonaq Bakıya ilk dəfə gəlmədiyini də xatırladaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi daha əvvəl də şəhərdə keçirilən tədbirlərdə iştirak etdiyini vurğulayıb.
Sonda WUF13 iştirakçısı Bakını mütləq ziyarət edilməli şəhərlərdən biri kimi dəyərləndirib.
Yaqut Ağaşahqızı, “İki sahil”