Bəzi ermənipərəst dairələr törətdiyi cinayətlərə görə iyirmi il müddətinə azadlıqdan məhrum edilən və hazırda Bakı həbsxanalarının birində saxlanılan erməniəsilli rusiyalı milyarder, artıq cəhənnəmə vasil olmuş separatçı rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanı gündəmdə saxlamaq üçün dəridən-qabıqdan çıxırlar. Hətta onun insan hüquqlarının qorunmasına töhfələr verdiyini də iddia edirlər. Elə bu günlərdə Ruben Vardanyanın 2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatına namizəd göstərilməsi bunu bir daha sübut edir. Yeri gəlmişkən, iki il öncə “xeyriyyəçilik və humanitar fəaliyyət”inə görə Vardanyan Nobel Sülh Mükafatına da namizəd göstərilmişdi.
Məlumat üçün bildirək ki, Vatslav Havel mükafatı Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsində nailiyyətlərə görə təqdim olunur. Hər iki ildən bir təqdim olunan mükafat keçmiş Çexoslovakiyanın son Prezidenti və Cex Respublikasının ilk Prezidenti Vatslav Havelin (1936–2011) xatirəsinə həsr olunub. Mükafat 2013-cü ildən Avropa Şurası Parlament Assambleyası, Vatslav Havel Kitabxanası və "Charta 77" Fondu ilə əməkdaşlıq çərçivəsində təqdim olunur. Mükafatın qaydalarına əsasən, qalib hər il sentyabr ayında Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının sessiyasında elan edilir.
Görəsən, qondarma rejimin sabiq qondarma “dövlət naziri”, Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz varidatını artıran qlobal fırıldaqçı Ruben Vardanyan insan hüquqlarının müdafiəsində hansı nailiyyətlərə imza atıb? Olmaya Vardanyanın namizədliyini irəli sürənlərin onun Azərbaycanın beynəlxalq miqyasda tanınmış tarixi ərazilərində insan hüquqlarını necə tapdaladığını bilmirlər? Yaxud onun Ukraynada sülh və insanlıq əleyhinə cinayətlərin maliyyələşdirilməsindəki fəaliyyətindən xəbərsizdirlər? Yəqin ki, xəbərdardırlar. Bir neçə faktı xatırladaq. 2023-cü ilin birgünlük lokal antiterror tədbirlərindən əvvəl Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan 40 ton undan ibarət humanitar yardım yola salmışdı. Amma Ruben Vardanyanın yaratdığı “ictimai” təşkilatın - “Qarabağ təhlükəsizlik və inkişaf cəbhəsi”nin üzvləri humanitar yükün Ağdam-Xankəndi yolu ilə Xankəndiyə daxil olmasına imkan verməmişdilər. Bununla da 2022-ci ilin sentyabrında Rusiya tərəfindən Azərbaycan ərazisinə qeyri-qanuni yollarla “ezam edilmiş” Vardanyan mülki əhalinin əzabını artırmaqla bölgədəki vəziyyəti daha da gərginləşdirməyə çalışmışdır. Budurmu insan hüquqlarını qorunmaq? Görəsən, uzun müddət Qarabağda separatçılıqla məşğul olmaq nə zamandan beynəlxalq hüquqa xidmət sayılır? Göründüyü kimi, bu namizədlik Vardanyanın ailəsindən yalnız və yalnız pul qoparmağa hesablanıb.
Şübhəsiz, ermənipərəst dairələrin məqsədi iyunun 7-də Ermənistanda keçiriləcək seçkilər öncəsi artıq qapanmış Qarabağ mövzusunu yenidən gündəmə gətirmək, Vardanyan məsələsi ilə həyata keçirmək istədikləri avantüraya hansısa çalarlar əlavə etmək və revanşistlərə dəstək verməkdir. Onlar hesab edirlər ki, guya bu kimi addımlarla istədiklərinə nail olacaqlar. Belə bir fikrə düşənlər unutmasınlar ki, ərazilərimizdə illərlə qanlı cinayətlərə rəhbərlik etmiş separatçı ünsürlərin - arutyunyanların, qukasyanların, saakyanların, işxanyanların, vardanyanların... və digər yanların Azərbaycan ədaləti qarşısında qanunauyğun şəkildə cavab vermələri müasir tariximizə hüququn təntənəsi kimi həkk olunub.
Fevralın 17-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyana da hökm oxunub. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bununla da Azərbaycan heç bir təzyiq qarşısında baş əymədiyini və bütün davranışlarında yalnız hüquqa, ədalətə söykəndiyini beynəlxalq aləmə nümayiş etdirib. Şübhəsiz, bunu həm də bölgədə formalaşmaqda olan sülh prosesinə real töhfə kimi də dəyərləndirmək olar.
Qvami Məhəbbətoğlu, “İki sahil”