19 noyabr 1993-cü ildə Biləsuvar rayonu, Bəydili kəndində dünyaya göz açan Ruslan Arif oğlu Əlizadə İkinci Qarabağ müharibəsində canını Vətəninə, torpağına fəda etməklə tarix yazıb. Qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna dönən ər oğlumuzun ömür yolu qısa olsa da, könüllərə köç etməklə qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə heç vaxt unudulmaz, millətinə böyük şərəf, qürur olacaqdır. Həmçinin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığına görə medalları onun müharibə meydanında göstərdiyi şücaətə zaman-zaman şahidlik edəcək.
Vətənə sevgi, erməni dığalarına nifrət ruhunda formalaşan Ruslan Əlizadə müstəqil həyata qədəm qoyanda birinci amalı yağı tapdağında qalan Qarabağımızı azad görmək olub. Məhz Vətən qarşısında borcunu ödəmək üçün bu istəklə yola düşüb. Hava Hücumundan Müdafiə Qoşunların tərkibində xidmətə başlayıb. İlk gündən komandirlərin bütün tapşırıqlarına ürəklə girişib. Göstərdiyi cəsarət, hünər həmişə də ona uğur gətirib, əsgərlərin, zabitlərin sevimlisinə çevrilib. Yaxşı, vətənpərvər əsgər kimi ad qazanan Ruslan həm də erməni dığalardan qisa almağa məqam gözləyib. Elə düşməndən alacağı öcə görə orduda qalıb və hərbi qulluğunu davam edib.
Qəlbi Vətən, torpaq sevgisi ilə döyünən Ruslan döyüş meydanında düşmənə qalib gəlməkdən ötrü öz üzəridə daha ciddi çalışıb, qatıldığı ən ağır təlimlərdə döyüş məharətinə görə fərqlənib. Vətən naminə bütün çətinliklərə mərdliklə sinə gələn Ruslan həmişə də deyib ki, müqəddəs yurd yerimiz olan Qarabağımızı azad etmək bizim üzərimizə düşür, yoxsa gələcək nəsillər bizi bağışlamaz. Mən bu yolda canımdan keçməyə hazıram. Bircə qalır Ali Baş Komandanın yağıya əsir düşən Vətən torpaqlarının azadlığı uğrunda döyüş əməliyyatlara başlamaq əmri. Nəyin bahasına olursa-olsun, ta qədimdən xalqımıza məxsus torpaqları tezliklə mənfur erməni dığalarının tapdağından azad etməliyik.
Nəhayət, Ruslanın Vətən, torpaq naminə arzuladığı gün gəlib çatıb. 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsində ön cəbhədə döyüşlərə qatılıb. Hər adımda ölümlə üzləşən, müharibənin ən qızğın və ağır anlarda yağıya sarsıdıcı zərbələr endirib. Çoxlu sayda düşmən yaraqlısını məhv edib, mərdliyi, qəhrəmanlığı əsgər yoldaşlarına da nümunə olub. Hər dəfə azad olunan Vətən torpaqlarının bağrına zəfər bayrağı sancılananda yağıya qarşı daha ürəklə vuruşub və düşmən üzərinə qorxu bilmədən növbəti qələbə əzmi ilə atılıb.
Ruslan Əlizadənin qürur, heyrət doğuran döyüş yolu Tərtər, Xocavənd, Füzuli, Cəbrayıldan keçib. Öndə getməklə iştirak etdiyi bütün əməliyyatlarda verilən tapşırıqları layiqincə yerinə yetirməklə erməni dığaların kabusuna çevrilib. Xocavənddə yaralanıb, amma Vətən, torpaq sevgisi onu yenidən cəbhəyə qaytarıb.
7 oktyabrda Füzuli yolunda gedən ağır ölüm-dirim savaşı qəhrəman Vətən sevdalısı Ruslan üçün sonuncu olub. “Qələbə bizimdir”-deyib düşmənin üstünə şığıyıb və ona ciddi itki verib. Təəssüf ki, qəfil atılan güllə qorxu bilməz igidin ömrünə son qoyub.
Bəli, Vətən müqəddəsdir, onun yolunda şəhid olanlar ölmürlər. Ruslan Əlizadənin həyatı da əbədiyaşardır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü