18 may 2026 11:59
131

Bakı müasir şəhər kimi diqqət çəkir - WUF13 iştirakçısı

İnkuliziv  və dayanıqlı anlayışı çox böyük və geniş məfhum olsa da, əslində bunun üçün fəaliyyətlər ən yaxın səviyyədən başlaya bilər və hər kəs bu prosesə cəlb oluna bilər. Əsas məsələ hər kəs üçün eyni ümumi ümidin olmasıdır. Bununla belə, insanlar, şəhərlər və siyasətçilər üçün uyğun məkanlar, siyasətlər və alətlər yaradılmalıdır ki, bu vasitələrlə hər kəs prosesə rahat şəkildə qoşula bilsin və insanların müxtəlif ehtiyaclarını — yaşayış, iş imkanları, fürsətlər və fərdi seçimlər baxımından nəzərə alaraq uyğunlaşma və sosial birlik təmin olunsun.

Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) iştirakçılarından biri olan Çinin Xi’an Jiaotong-Liverpool Universitetinin dosenti Yunqing Xu “İki Sahil”ə müsahibəsində həm inklüziv və dayanıqlı şəhər inkişafı, həm də Bakı ilə bağlı ilkin təəssüratlarını bölüşüb.

Bakı ilə bağlı təəssüratlarına toxunan qonaq qeyd edib ki, şəhərə yeni gəldiyi üçün ilkin müşahidələri qısa olsa da, onu ən çox təəccübləndirən Bakının kifayət qədər müasir şəhər olmasıdır. O bildirib ki, tədbir məkanına gedərkən çox sayda müasir binalar görüb və ümumilikdə şəhər müasir inkişaf xətti ilə diqqət çəkir. Onun sözlərinə görə, binalar şəhərlərin çox vacib elementidir və məkanın formalaşmasına, həmçinin şəhərin ruhuna və xüsusiyyətlərinə birbaşa təsir göstərir.
O əlavə edib ki, Bakı artıq çox maraqlı və yeni layihələr həyata keçirir, xüsusilə də yaşayış icmaları sahəsində görülən işlər diqqət çəkir. Eyni zamanda, şəhərin iqlimi nisbətən mülayim olsa da, bəzən güclü yağışlar kimi ekoloji çətinliklərlə də üzləşə bilər. Buna görə də Bakı kimi şəhərlərin bu cür ekoloji problemlərlə necə mübarizə apardığı, eyni zamanda, yaşayış üçün əlverişli mühit yaratdığı digər şəhərlər üçün də nümunə ola bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”