Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu (ATB) 11-13 may tarixlərində Koreya Respublikasının Pohanq və Kyoncu şəhərlərində keçirilən Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində iştirak edib.
“İki sahil” xəbər verir ki, “Dayanıqlı gələcəyə doğru istiqamət” mövzusunda təşkil olunan sammit Asiya-Sakit okean regionunun turizm liderlərini bir araya gətirərək sənayenin gələcək inkişaf perspektivləri və qarşıda duran çağırışlar ətrafında müzakirələr üçün platforma rolunu oynayıb.
Azərbaycan nümayəndə heyəti sammit çərçivəsində keçirilən “Post-APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) dövründə dayanıqlı turizm idarəçiliyi” mövzusunda yüksəksəviyyəli panel sessiyasında iştirak edib. Milli turizm qurumlarının nümayəndələrini bir araya gətirən sessiyada dəyişən geosiyasi, iqtisadi və ekoloji reallıqlar fonunda hökumətlərin turizm sahəsində effektiv idarəetmə yanaşmaları müzakirə olunub.
Müzakirələrdə turizm siyasətlərinin əlaqələndirilməsi, turizm istiqamətlərinin dayanıqlı idarə olunması, sərhədlərarası əməkdaşlıq, turizmin dayanıqlı inkişafı, yerli icmalara təsiri və uzunmüddətli rəqabətqabiliyyətliliyin təmin olunması məsələlərinə toxunulub.
Sammit zamanı Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstmid ilə PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid arasında keçirilən görüşdə turizm sahəsində beynəlxalq əməkdaşlıq imkanları və Azərbaycanın Asiya-Sakit Okean regionunda tanıtım perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
PATA qlobal turizm sahəsində nüfuzlu şəbəkələrdən biri kimi Asiya-Sakit Okean regionu üzrə turizm istiqamətlərinin idarə edilməsi təşkilatlarını, turizm qurumlarını və sənaye tərəfdaşlarını hər il bir araya gətirir.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib