25 sentyabr 2026 17:12
82

Dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 2030-cu ilədək 30 faizə qədər azaldılması nəzərdə tutulur

Sentyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: iqtisadi artım üçün tərəfdaşlığın gücləndirilməsi” mövzusunda sessiya keçirilib. 

“İki sahil” xəbər verir ki, sessiyanın “Qlobal maliyyə proqnozu və regional təsir” mövzusuna həsr olunmuş hissəsində maliyyə naziri Sahil Babayev və Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış ediblər.  

Sessiyada nazir Sahil Babayev Azərbaycanda makroiqtisadi sabitlik və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələr, iqtisadi artımın dəstəklənməsində fiskal siyasətin rolu və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib.
S.Babayev Azərbaycan iqtisadiyyatının dayanıqlı makroiqtisadi təməllər üzərində inkişaf etdiyini, iqtisadi artımda qeyri-neft sektorunun aparıcı rolunun təmin olunduğunu bildirib. Qeyd olunub ki, ortamüddətli fiskal siyasətin əsas istiqamətlərindən biri dövlət maliyyəsinin neft gəlirlərindən asılılığının mərhələli şəkildə azaldılmasıdır. Bu çərçivədə dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 2030-cu ilədək 30 faizə qədər azaldılması nəzərdə tutulur.
Nazir qayda əsaslı fiskal çərçivənin makroiqtisadi sabitliyin əsas dayaqlarından olduğunu vurğulayıb. Bildirib ki, qeyri-neft kəsirinin davamlı azaldılması və dövlət borcunun ÜDM-ə nisbətinin ortamüddətli dövrdə dayanıqlı səviyyədə saxlanılması hədəflənir. Eyni zamanda, irihəcmli strateji valyuta ehtiyatları Azərbaycanın xarici şoklara qarşı müqavimət imkanlarını gücləndirir.
S.Babayev qeyd edib ki, güclü fiskal buferlər və makroiqtisadi sabitlik beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın investisiya səviyyəli suveren kredit reytinqləri almasına da imkan verib. Belə ki, “Fitch Ratings” və “Moody’s” tərəfindən Azərbaycanın suveren kredit reytinqinin yüksək qiymətləndirilməsi ölkənin möhkəm fiskal dayanıqlığını əks etdirir.
Çıxışında nazir Azərbaycanın uzunmüddətli inkişafında dövlət investisiyalarının roluna da toxunub, bildirilib ki, son 6 ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına 25 milyard manat vəsait ayrılıb və bu vəsait hesabına yol, su, enerji, yaşayış və sosial infrastruktur layihələri icra olunub. Bununla yanaşı, 2021–2026-cı illərdə ölkənin digər ərazilərində infrastrukturun yenilənməsinə yönəlmiş layihələrə 16 milyard manat sərf olunub. 
Ölkəmiz ilə beynəlxalq maliyyə institutları arasında uzunmüddətli və səmərəli əməkdaşlığın formalaşdığını bildirən S.Babayev Azərbaycanın Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə geniş əməkdaşlıq həyata keçirdiyini qeyd edib. Nazir növbəti mərhələdə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinin və maliyyə alətlərinin şaxələndirilməsinin mühüm prioritetlərdən biri olduğunu vurğulayıb. Bildirilib ki, beynəlxalq maliyyə resursları iri infrastruktur, yaşıl enerji və regional layihələrin həyata keçirilməsində mühüm rol oynaya bilər. Xüsusilə Orta Dəhliz və yaşıl enerji dəhlizi kimi regional təşəbbüslərin beynəlxalq maliyyə institutlarının fəal iştirakı üçün əhəmiyyətli istiqamətlər olduğu qeyd olunub.
Eyni zamanda qeyd edilib ki, beynəlxalq maliyyə institutlarının layihələrdə iştirakı risk profilinin yaxşılaşdırılmasına, layihələrin özəl investorlar üçün daha cəlbedici olmasına imkan yarada bilər. Bu isə dövlət resurslarının daha böyük həcmdə özəl və institusional kapital ilə tamamlanmasına şərait yaradacaq.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı qlobal iqtisadi vəziyyət, Azərbaycanın makroiqtisadi göstəriciləri, maliyyə sektorunun dayanıqlılığı və beynəlxalq investisiyaların cəlb edilməsi imkanlarından danışıb.
Taleh Kazımov bildirib ki, hazırda qlobal qeyri-müəyyənlik beynəlxalq iqtisadi mənzərənin daimi xüsusiyyətinə çevrilib. Geosiyasi gərginliklər, ticarətin parçalanması, əmtəə bazarlarındakı dəyişkənlik və iqlim riskləri həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin həssaslığını artırır.
"Biz elə bir dövrdəyik ki, qlobal qeyri-müəyyənlik müvəqqəti bazar vəziyyətindən beynəlxalq iqtisadi mənzərənin daimi xüsusiyyətinə çevrilib. Geosiyasi gərginliklər, ticarətin parçalanması, dəyişkən əmtəə bazarları və iqlim riskləri həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarda həssaslığı artırıb", - deyə Mərkəzi Bankın sədri qeyd edib.
Onun sözlərinə görə, belə şəraitdə mərkəzi banklar üçün ənənəvi makroiqtisadi yanaşmalar artıq kifayət etmir və daha çevik, məlumatlara əsaslanan qərarvermə mexanizmlərinə ehtiyac yaranır.
Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, qlobal iqtisadi artımın 2025-ci ildəki 3,5 faizdən 2026-cı ildə 3 faizə qədər zəifləyəcəyini bildirib.
Mərkəzi Bankın iyul proqnozuna əsasən, 2026-cı ildə Azərbaycanın qeyri-neft ÜDM-nin təxminən 2,4 faiz artacağı, cari hesablar üzrə profisitin isə 6,1 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.
"Azərbaycan üçün bu mühit daxili iqtisadi əsasların möhkəmləndirilməsinin, eyni zamanda beynəlxalq ticarətə, kapitala, təcrübəyə və əməkdaşlığa açıq qalmağın vacibliyini daha da artırır", - deyə Taleh Kazımov vurğulayıb.
Mərkəzi Bankın sədri qeyd edib ki, hərtərəfli islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı dayanıqlılığını qoruyub. Onun sözlərinə görə, inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda sabitləşib və orta müddətli dövrdə də həmin diapazonda qalacağı gözlənilir.
Taleh Kazımov uzunmüddətli dayanıqlı artımın getdikcə daha çox güclü beynəlxalq tərəfdaşlıqlardan asılı olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu baxımdan infrastrukturun, sənayenin inkişafının və regional bağlantıların maliyyələşdirilməsi üçün beynəlxalq kapitalın səfərbər edilməsi əsas prioritetlərdən biridir.
"Bu kontekstdə, Orta Dəhlizdə strateji mövqeyə malik nəqliyyat və logistika qovşağı kimi Azərbaycan daha şaxələndirilmiş iqtisadi inkişaf trayektoriyasının formalaşdırılmasında xarici investisiyaları xüsusilə vacib hesab edir", - deyə Mərkəzi Bankın sədri bildirib.
O qeyd edib ki, Dünya Bankının qiymətləndirməsinə əsasən, müvafiq infrastruktur investisiyaları, logistikanın təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması ilə 2030-cu ilədək Orta Dəhliz üzrə yük axınlarını üç dəfə artırmaq, tranzit müddətlərini isə yarıya endirmək mümkündür.
Taleh Kazımov beynəlxalq maliyyə institutlarının Azərbaycanın inkişaf prioritetlərinin dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər qurumlar maliyyələşdirmə, texniki yardım və institusional əməkdaşlıq vasitəsilə ölkənin inkişafına töhfə verirlər.
"Bu tərəfdaşlıqların məcmusu göstərir ki, uğurlu beynəlxalq maliyyə əməkdaşlığı sadəcə maliyyələşdirmənin təmin edilməsindən ibarət deyil. Söhbət davamlı iqtisadi dəyər yaradan uzunmüddətli tərəfdaşlıqların qurulmasından gedir", - deyə o bildirib.
Mərkəzi Bankın sədri investisiyaların cəlb edilməsinin investorların riskləri necə qiymətləndirməsindən, həmçinin onlar üçün əlçatan olan məlumatların keyfiyyətindən və şəffaflığından asılı olduğunu qeyd edib.
O bildirib ki, Azərbaycan iki böyük beynəlxalq reytinq agentliyindən investisiya səviyyəli suveren kredit reytinqinə malikdir. "Fitch Ratings" Azərbaycanın reytinqini BBB-, "Moody's" isə Baa3 səviyyəsində qiymətləndirir.
Taleh Kazımovun sözlərinə görə, güclü makroiqtisadi əsaslarla yanaşı, bu reytinqlər investorların ölkəyə etimadı üçün mühüm zəmin yaradır.
Mərkəzi Bankın sədri Azərbaycanın makroiqtisadi dayanıqlılığının digər göstəricilərinə də diqqət çəkib. O bildirib ki, manatın məzənnəsi 2017-ci ildən etibarən sabit qalıb.
Avqustun sonuna Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyard ABŞ dollarına çatıb. Bu göstərici ÜDM-in 100 faizindən çoxunu təşkil edir və mal və xidmət idxalını 41 ay müddətində qarşılamaq üçün kifayətdir. Strateji valyuta ehtiyatlarının manatla geniş pul kütləsinə - M2 pul aqreqatına nisbəti isə 3,5 dəfədir.
Taleh Kazımov xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etdiyini, dollarlaşma səviyyəsinin isə azalmaqda davam etdiyini bildirib. Onun sözlərinə görə, rezident fiziki şəxslərin xarici valyutada olan əmanətlərinin payı tarixi minimuma - 25,8 faizə enib.
O, bank sektorunda tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, şəffaflığın artırılması, istehlakçı və investorların hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin beynəlxalq kredit reytinq agentlikləri tərəfindən də qiymətləndirildiyini diqqətə çatdırıb.
Mərkəzi Bankın sədri bildirib ki, Azərbaycanın bank sektorunda risklərin qiymətləndirilməsi də müsbət dinamika nümayiş etdirir. "S&P Global Ratings"in Bank Sektoru üzrə Ölkə Riskinin Qiymətləndirilməsinə (BICRA) əsasən, Azərbaycanın bank sektoru 2023-cü ilin sonunda 9-cu qrupdan 2026-cı ildə 7-ci qrupa yüksəlib.
"Bu inkişaflar Azərbaycanın maliyyə sektorunun dayanıqlılığının artdığını və davamlı investisiyalar, eləcə də uzunmüddətli kapital formalaşması üçün daha güclü zəmin yarandığını göstərir", - deyə Taleh Kazımov vurğulayıb.
O bildirib ki, Azərbaycan iqtisadiyyat üçün mövcud maliyyələşdirmə imkanlarının genişləndirilməsi istiqamətində də iş aparır. İslam maliyyəsinin, o cümlədən bank və kapital bazarı alətlərinin beynəlxalq maliyyənin cəlb edilməsi və Azərbaycanın daha geniş investor dairəsi ilə əlaqələndirilməsi üçün əlavə imkanlar yarada biləcəyi qeyd olunub.
Taleh Kazımov davamlı maliyyənin də Azərbaycanın investisiya ehtiyaclarını ekoloji və sosial baxımdan məsuliyyətli investisiyalara artan qlobal tələblə əlaqələndirmək üçün imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, yaşıl istiqrazlar, dayanıqlılıqla əlaqəli maliyyə alətləri və digər innovativ məhsullar kapitalın uzunmüddətli iqtisadi və ekoloji fayda yaradan layihələrə yönəldilməsinə kömək edə bilər.
"Qlobal maliyyədəki qeyri-müəyyənliklər əməkdaşlığı sadəcə arzuolunan deyil, getdikcə daha vacib edir. Sektorlar və təşkilatlar arasında daha güclü tərəfdaşlıqlar qurmaqla investisiyaları, artımı və uzunmüddətli iqtisadi rifahı dəstəkləmək üçün daha əlverişli maliyyə ekosistemi yarada bilərik", - deyə Mərkəzi Bankın sədri bildirib.
Taleh Kazımov Mərkəzi Bankın qiymət və maliyyə sabitliyinin qorunması ilə bağlı mandatını yerinə yetirməyə, bununla yanaşı, ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verməyə sadiq olduğunu vurğulayıb.
O çıxışının sonunda qlobal iqtisadiyyatın gələcəyinin ölkələr və qurumlar arasında qurulan əməkdaşlıq və tərəfdaşlıqlardan asılı olacağını qeyd edib.
Çıxışlarda maliyyə risklərinin bölüşdürülməsi və özəl maliyyənin cəlb edilməsi baxımından birgə maliyyələşdirmə, zəmanətlər və digər riskbölüşdürmə alətlərindən, həmçinin qarışıq maliyyələşdirmə, dövlət-özəl tərəfdaşlığı və digər innovativ maliyyə mexanizmlərindən daha geniş istifadə edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, beynəlxalq maliyyə institutlarının yalnız maliyyə resurslarının təminatçısı kimi deyil, beynəlxalq bilik və təcrübənin ötürülməsi, qabaqcıl standartların və texnologiyaların tətbiqi baxımından rolu diqqətə çatdırılıb.
Sessiyanın sonunda keçirilən panel müzakirələrdə Azərbaycanın artım gündəliyinin dəstəklənməsində çoxtərəfli inkişaf bankları, özəl investorlar və maliyyə institutlarının rolu, infrastruktur, sənaye inkişafı və regional əlaqələr üçün beynəlxalq kapitalın cəlb edilməsi, kredit reytinqləri, bazar inteqrasiyasını dəstəkləmək üçün rəqəmsal ödənişlər, maliyyə infrastrukturu və qlobal operatorlarla tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.