12 may 2026 22:57
106

Müşahidə missiyası, yoxsa?..

Ermənistanda hələ də Avropa İttifaqının (Aİ) müşahidə missiyası “fəaliyyətdədir”. Halbuki Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Cənubi Qafqazda Ermənistan üzərindən manipulyasiya etmək məqsədilə yaradılan və  Azərbaycanla sərhəd bölgələrində patrul xidməti aparan bu “mülki missiya” indiyədək heç bir müsbət nəticə əldə etməyib. Sadəcə, bu müddət ərzində Azərbaycanla şərti sərhəddə binokllu diplomat-kəşfiyyatçılarının sayı artıb. Hazırda onların sayı 210 nəfəri keçib.  Onu da bildirək ki, missiyanın Ermənistan ərazisində yerləşdirilməsi zamanı Azərbaycanın razılığı alınmayıb. Rəsmi Bakı dəfələrlə Aİ-nin müşahidə missiyasının fəaliyyəti ilə bağlı bir sıra ciddi iradlarını səsləndirib. Hətta Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan əsas səbəblərdən biri kimi Aİ-nin Ermənistandakı mülki missiyasının gərginliyə xidmət etdiyini, onun fəaliyyətinin regiona kənar müdaxiləyə rəvac verdiyini bildirib.

Mayın 10-da Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bir daha bu məsələdən söz açıb. Bildirib ki, bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər: “Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil”.

Prezident, həmçinin vurğulayıb ki, iddia edirlər ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır: “Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”. Şübhəsiz, ölkəmizə qarşı yeni iddialar və təxribatlar olarsa Azərbaycanın lazımı və önləyici  addımların atacağı istisna deyil. Yeri gəlmişkən, Azərbaycanın hər hansı hücum təşkil etmə­si ilə bağlı bircə dənə də olsun fakt yoxdur. Yəni, Ermənistandan fərqli olaraq Azərbaycanın heç vaxt heç kimin torpağında gözü olmadığını Qərb də çox yaxşı bilir.

Prezident bununla da Azərbaycanın heç zaman müharibə istəmədiyini, lakin öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyini bildirib. Amma Ermənistanın havadarları, xüsusilə Cənubi Qafqazda Rusiyanın yerini tutmaq məqsədilə dəridən-qabıqdan çıxan Fransa Prezidenti Emmanuel Makron bu adi həqiqəti anlamaqda hələ də çətinlik çəkir. Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun ölkə Senatında Azərbaycan əleyhinə cəfəng iddialar səsləndirməsini də bura əlavə etsək mənzərə daha aydın olar. Yeri gəlmişkən qeyd edək ki, 6 may 2026-cı ildə Ermənistan və Fransa arasında müdafiə sektorunda uzunmüddətli sənaye əməkdaşlığı da daxil olmaqla, strateji müdafiə tərəfdaşlığı haqqında birgə bəyannamə də imzalanıb. Bir sözlə, Bakı və İrəvan arasında sülh prosesinin reallığa çevrilməsinə baxmayaraq, Fransa yenə öz ampluasındadır.

Şübhəsiz, bütün bunların fonunda Makronun dedikləri ilə oturub-duran “binokl diplomatiyasının” davam etdirilməsi Cənubi Qafqazda  süni gərginliyin saxlanılmasına hesablanmış addımdan başqa bir şey deyil. Bütün bunlara rəğmən  işğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyünü və suverenliyini  bərpa edən Azərbaycan bu gün regionda sülh gündəliyinin müəllifi kimi çıxış etməkdə davam edir. Həm də işğaldan azad etdiyi ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində abadlıq-quruculuq işləri aparır. Hətta həmin məkanlarda nüfuzlu beynəlxalq tədbirlər də keçirir. Bu mənada otuz ilə yaxın davam edən işğal zamanı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur bu gün dirçəliş dövrünü yaşayır.

Qeyd edək ki, Aİ-nin mülki missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib. Bir neçə dəfə say tərkibi artırılan və fəaliyyət müddəti uzadılan bu missiyanın 2027-ci il fevralın 19-dək Ermənistanda qalması nəzərdə tutulur.

Qvami Məhəbbətoğlu, “İki sahil”