12 may 2026 22:15
112

Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların sahibləri kimi

Dövlət başçısı İlham Əliyevin Cəbrayıl və Zəngilan sakinləri ilə görüşlərində səsləndirdiyi çağırışlar tarixi Zəfərimizin reallıqlarının bir daha dünyaya təqdimaı oldu

30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır.

Tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətini, malik olduğu imkanları ilə yanaşı, bu torpaqların sahibi olduğunu, bir günü belə itirmədən bu torpaqlara əvvəlki ab-havanı qaytarmaq istəyini nümayiş etdirdi. Çünki 30 ildə torpaqlarımız nə qədər yerlə-yeksan edilib, Azərbaycanın xalqının izlərinin silinməsinə cəhdlər edilsə də heç zaman əyilmədi, sınmadı, sahibinin gələcəyi günü səbirsizliklə və böyük əminliklə gözlədi. Həmin gün gəldi. 44 günlük Vətən müharibəsi tariximizin qürur səhifəsidir. Birliyimiz, həmrəyliyimiz, yenilməzliyimiz, məğrurluğumuz bu müharibədə Zəfərimizi şərtləndirdi. Bütün bu uğurların təməlində Azərbaycanı daim irəli aparan, bu gün dünyada söz sahibliyini təmin edən Heydər Əliyev siyasəti dayanır.

Dövlətimizin başçısı İlham Əliyev may ayının 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edərkən bütün bu məqamlara bir daha diqqət yönəltdi.

Qeyd edək ki, Zəngilana səfərdən öncə Prezident İlham Əliyev Cəbrayıl rayonunda oldu. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak etdilər. Dövlətimizin başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını etdi. Qeyd edək ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl kənddə məktəb, klub, kitabxana və xəstəxana fəaliyyət göstərib, əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoyub.

Məktəbin açılışında diqqətə çatdırıldı ki, işğaldan azad edilmiş digər ərazilərimizdə istifadəyə verilən yeni məktəblərdə olduğu kimi, bu təhsil müəssisəsində də müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Ümumiyyətlə, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə də tanış oldular. Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanışlıq zamanı bildirildi ki, Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Kənddə sakinlərin rahat yaşaması və sosial məsələlərin həlli üçün bir sıra işlər görülüb. Burada hər biri 80 yerlik olmaqla 2 körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilib. Şükürbəyli kəndində 35/10 kV-luq elektrik yarımstansiyası inşa edilib, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, həmçinin internet və “İP TV” şəbəkələri yaradılıb, yollar asfaltlanıb.

Səfər zamanı Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edən Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verildi. Vurğulandı ki, işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı Günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilib. Bu çərçivədə “AzərEnerji” tərəfindən Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün “Cəbrayıl” Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşıl enerjinin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlər ilə görüşdülər. Görüşdə “Mənim keçmiş köçkünlərlə işğal dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhərləri, kəndləri quracağıq, onları daha gözəl vəziyyətə gətirəcəyik və bu gün Şükürbəyli kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, yaşamaq, çalışmaq, təhsil almaq üçün bütün şərait - məktəb, musiqi məktəbi, iki uşaq bağçası, tibb məntəqəsi, əlbəttə, gözəl, yaraşıqlı evlər var ki, burada siz - Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız” söyləyən cənab İlham Əliyev vurğuladı ki, uzun illər ərzində bu torpaqlar işğal altında olub. Ermənistan dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək istəmişdir, ancaq buna nail olmamışdır. Baxmayaraq ki, şəhər və kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməmişdir: “Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamısınız. Bəziləriniz Biləsuvar rayonunda dövlət xətti ilə verilmiş evlərdə məskunlaşmısınız, bəziləriniz özünüz üçün hansısa şərait qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir.”

Dövlətimizin başçısı İlham Əliyev bu günün çox gözəl, tarixi bir gün, ədalətin təntənəsi günü olduğunu önə çəkərək bildirdi ki, biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq. İşğal dövründə Ermənistan dövləti Cəbrayıl rayonunda bir daşı daş üstə qoymamışdı. Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir. Evlər söküldü, daşlar talan edildi, müxtəlif yerlərdə bazarlarda satıldı. Biz isə qurub-yaradırıq. İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır: “İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.”

Cəbrayıl Vətən müharibəsində işğaldan azad edilən ilk rayondur. Dövlətimizin başçısı İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı bu tarixlərin təqdimatında əhəmiyyətli rol oynayır. Oktyabrın 4-ü Cəbrayıl, 20-si isə Zəngilan Şəhəri günüdür. Cənab İlham Əliyevin şanlı Qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri də Füzuli və Cəbrayıl rayonlarına olmuşdur. Hazırda sakinlərinə qovuşan azad edilmiş şəhərlərimiz sırasında Cəbrayılın da adı var. Zəngilan şəhəri isə sayca 10-cu şəhər oldu. Göründüyü kimi, sakinlərinə qovuşan şəhər və kəndlərimizin sayı davamlı olaraq artır. Bu artım, eyni zamanda, soydaşlarımızın mərhələ-mərhələ öz dogma yurdyuvalarına qayıdışında da özünü aydın şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə bu torpağın malik olduğu iqtisadi imkanlardan da geniş bəhs edərək vurğuladı ki, burada da vətəndaşların məşğulluğunu təmin etmək üçün bütün müvafiq göstərişlər verildi. Bunlardan başqa, Cəbrayıl rayonunda sənaye zonası – “Araz Vadisi” Sənaye Zonası fəaliyyət göstərir. Azad edilmiş ərazilərdə cəmi iki sənaye zonası nəzərdə tutulmuşdu - biri Ağdamda, biri də Cəbrayılda. Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Prezident İlham Əliyev tarixi Zəfərimizin reallıqları əsasında böyük qürur hissi ilə bildirdi ki, parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.

Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrası ilə yanaşı, qarşıya qoyulan hədəfə də yüksək səviyyədə nail olacağımız barədə aydın təsəvvür yaradır. Hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı cari ilin sonunadək 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışını təmin etməkdir. Bu dövr üçün sakinlərinə qovuşacaq şəhərlərin və kəndlərin sayı ilə bağlı plan artıq reallığa çevrilib. Əvvəldə qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev may ayının 10-da Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak etdi, “Zangilan City Park Hotel”in təməlini qoydu. Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim etdi.

İlk yaşayış kompleksinin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlətimizin başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olub. Kompleksin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib. Kompleksdə ümumilikdə 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Bu yaşayış kompleksində sakinlərin sosial məsələlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Zəngilan sakinləri ilə görüşündəki çıxışında “Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik” deyərək onu da vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır. Onun fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyini qoruya bilmişdir. Yaşlı nəsil o illəri yaxşı xatırlayır. 1993-cü ildə nəinki ərazi bütövlüyümüz, müstəqilliyimiz təhlükə altında idi. O vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Həm torpaqlarımızın işğal altına düşməsi, Şuşanın, Laçının, Kəlbəcərin erməni işğalına məruz qalması, daxili çəkişmələr, özbaşınalıq, anarxiya və ovaxtkı hakimiyyətin təxribatçı və xəyanətkar fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin başlanması gənc müstəqil dövlətimiz olan Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi. O vaxt əgər Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə, vətəndaş müharibəsinə, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başladı. Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq.

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir. Ölkə Prezidenti 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirlərinin həyata keçirildiyi, həmçinin postmünaqişə dövrünün reallıqlarını geniş təhlil edərək bu əminliyi ifadə etdi ki, bütün bu şanlı tarix bizimlə əbədi olacaq. Təbii ki, bizim nəsil bunu heç vaxt unutmayacaq, gənc nəsil isə bunu bilməlidir. Bu parlaq tariximiz bizim qürur mənbəyimizdir, bu, əbədi belə olacaq. Cənab İlham Əliyev sakinlərlə görüşündə işğal dövründə keçmiş köçkünlərlə dövlət xətti ilə yeni inşa edilmiş şəhərciklərdə görüşləri zamanı verdiyi vədlərə də diqqəti yönəldərək vurğuladı ki, bir nömrəli problem məcburi köçkünlərin yaşayış şəraiti idi. Onu da biz tədricən həll etməyə başlamışdıq və artıq 2007-ci ildə çadır şəhərcikləri qalmamışdı, orada vaxtilə məskunlaşmış insanları biz evlərə, mənzillərə köçürdük: “İşğal dövründə hər dəfə keçmiş köçkünlərlə dövlət xətti ilə yeni inşa edilmiş şəhərciklərdə görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti bir yerdir. Torpaqlar azad olunandan sonra sizin üçün daha gözəl şərait yaradılacaq. Bax, bu gün bu Zəngilan şəhərinin bu gözəl mənzərəsi o sözlərimi bir daha təsdiqləyir.”

Bu gün sülh şəraitində yaşayırıq və sülhün müəllifi də Azərbaycandır. Cənab İlham Əliyevin dünyaya ünvanlanan mesajları sırasında bu məqam xüsusi qeyd edilir ki, biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə Ermənistana kömək edərdilər. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir.

Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu yüksək səviyyədədir. Bizə olan hörmət, rəğbət, xoş münasibət getdikcə daha da genişlənir. Cənab İlham Əliyev bildirdi ki, bütün bunların səbəbi əlbəttə ki, bizim ləyaqətli siyasətimiz, sözlə əməl arasındakı birlik və təbii ki, bizim hərbi qələbəmizdir. Təkcə bunu görmək üçün tarixçi olmaq lazım deyil. Qısa müddət ərzində bizim qədər tam, mütləq, birmənalı qələbə qazanan ikinci ölkə olmamışdır. Özü də biz bu müharibəni Ermənistandan fərqli olaraq bütün beynəlxalq humanitar normalara uyğun aparmışıq. Bu gün dünyada Azərbaycana olan hörmətin bir çox səbəbləri var: həm qalib, həm müharibəni müharibə qanunlarına uyğun aparan, həm humanitar qaydalara riayət edən və qurub-yaradan xalq kimi.

Prezident İlham Əliyevin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində bu torpaqlara qayıdan sakinlərlə görüşləri qürurverici məqamlardandır. Qeyd etdiyimiz kimi, tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri, icra edilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində ilk olaraq sakinlərinə qovuşan Zəngilanın Ağalı kəndindən başlayan köç prosesi hazırda davamlılığı ilə diqqətdədir. Prezident hər bir müsahibəsində, çıxışında, beynəlxalq əhəmiyyətli tədbirlərdə daim diqqəti Böyük Qayıdış Proqramına əsasən görülən işlərə və soydaşlarımızın mərhələ-mərhələ bu torpaqlara köçməsinə yönəldir. Birinci mərhələdə 8 şəhərin və 100 kəndin yenidən qurulması əsas hədəf kimi qarşıya qoyulub. Artıq bu məqsədin reallığa çevrildiyi göz qabağındadır. 30 illik işğal dövründə daim bu əminlik ifadə edilirdi ki, tezliklə Bayrağımız Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaq. Bu gün isə böyük qürur hissi ilə qeyd edirik ki, bu torpaqlarda Bayrağımız dalğalanır, Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız qayıdışın sevincini yaşayırlar. Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, azad edilmiş ərazilərimizdə sayca üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib ki, onlardan birinə Zəngilan şəhəri ev sahibliyi edib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir. Böyük Qayıdış Proqramı çərçivəsində sakinlərinə qovuşacaq ünvanların sayı daha da artacaq, bu torpaqlar neçə-neçə beynəlxalq əhəmiyyətli tədbirlərə, Şəhərsalma forumlarına ev sahibliyi edəcək. Paytaxt Bakı ilə yanaşı, azad edilmiş ərazilərimiz də müasir çağırışları özündə ehtiva edən quruculuq işləri ilə hər zaman diqqətdə olacaq. Bakı müasirliklə qədimliyin sintezini yaradır, azad edilmiş ərazilərimiz isə dağıntılardan quruculuq mərhələsinə keçidi dünyaya nümayiş etdirir. Cənab İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə qeyd etdiyi kimi, 30 il Zəngilan onların əlində idi, daşı-daş üstə qoyardılar da əgər bu, onların torpağıdırsa: “Zəngilanın o dağılmış məscidini biz konservasiya etmişik, orada da kiçik bir fotosərgi təşkil etmişik ki, heç kim unutmasın nə günə salmışdılar onlar bizim dini-tarixi abidələrimizi. Bu onların idisə, tikib qurardılar da. Cəmi beş il keçib, təkcə Zəngilan yox, görün, hər yerdə quruculuq işləri aparılır - yollar, körpülər, elektrik stansiyaları, su anbarları, köçkünlər üçün evlər, məktəblər tikilir. Bax, sahiblər belə edər. Talançı, işğalçı isə gələr sökər, dağıdar. Amma nə qədər söksələr də, yenə də bizim iradəmizi qıra bilmədilər. Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların sahibləri kimi. İndi də qurub-yaradırıq.”

Yeganə Əliyeva, “İki sahil”