Müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə region gənclərinin iştirakı ilə silsilə anım tədbirləri həyata keçirilib.
“İki sahil” xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsinin təşkilatçılığı ilə baş tutan tədbirlər çərçivəsində gənclər əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Respublikanın şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzilərinə təşkil olunan ekskursiyalar zamanı gənclərə Ümummilli Liderin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət barədə ətraflı məlumat verilib.
Ümummilli Liderin 103-cü ildönümü münasibətilə keçirilən görüş və konfranslarda gənclər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlər, azərbaycançılıq ideologiyası və gənclər siyasəti barədə maarifləndirilib. Tədbirlərdə dövlət rəsmiləri, ziyalılar, tarixçilər və ictimaiyyət nümayəndələri iştirak edərək Ulu Öndərin irsinin gələcək nəsillər üçün əhəmiyyətindən bəhs ediblər.
Anım tədbirləri çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sərgilər təşkil olunub, gənclər üçün “İz”, “Xilaskar ömrü” sənədli filmləri nümayiş etdirilib. Eyni zamanda iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarışlar keçirilib, bilik yarışlarında fərqlənən gənclər kubok və diplomlarla təltif olunublar.
Azərbaycan gəncləri bu gün də Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq onun zəngin siyasi irsini yaşatmağı, dövlətçilik ənənələrini qorumağı özlərinin mənəvi borcu hesab edir və Ümummilli Liderin əziz xatirəsini daim uca tutur.
Naxçıvan şəhərində “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib