Sözün kökündə millətin ruhunu yaşadan böyük alim
Mayın 8-də Bakı Dövlət Universitetində görkəmli dilçi alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, filologiya elmləri doktoru, akademik Tofiq Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan ədəbi dili tarixində akademik Tofiq Hacıyev mərhələsi” mövzusunda elmi seminar keçirilib.
Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov akademik Tofiq Hacıyevin Azərbaycan dilçilik elminin inkişafında və ümumtürkoloji düşüncənin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, T.Hacıyevin elmi fəaliyyəti milli dilçilik məktəbinin möhkəmlənməsi ilə yanaşı, türkoloji elmin sistemli şəkildə inkişafına da ciddi töhfələr verib. Məhərrəm Məmmədov çıxışında Tofiq Hacıyev irsini Azərbaycan dilinin tarixi qatlarını dərinliklə araşdıran və geniş elmi kontekstdə təqdim edən bütöv bir elmi məktəb kimi dəyərləndirib.
Türkologiya kafedrasının dosenti, filologiya elmləri doktoru Qızılgül Abdullayeva vurğulayıb ki, akademik Tofiq Hacıyev Azərbaycan dilçiliyində məktəb yaradan nadir alimlərdən biridir. Onun formalaşdırdığı elmi istiqamət bu gün də öz aktuallığını qoruyur və yeni nəsil tədqiqatçılar üçün sanballı metodoloji baza rolunu oynayır. O, diqqətə çatdırıb ki, T.Hacıyevin elmi irsi yalnız tədqiqatlar toplusu deyil, həm də elmi düşüncə və yanaşma mədəniyyətinin nümunəsidir.
Qızılgül Abdullayeva akademikin Azərbaycan ədəbi dilinin tarixinə yanaşmasını sistemli elmi model kimi qiymətləndirərək qeyd edib ki, Tofiq Hacıyevin tədqiqatlarında ədəbi dil milli düşüncənin formalaşma və inkişaf xəritəsi kimi təqdim olunur.
Daha sonra Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının dosenti Xatirə Abdullayevanın akademik Tofiq Hacıyevin əziz xatirəsinə həsr etdiyi film nümayiş etdirilib.
Professor Elbrus Əzizov Tofiq Hacıyevin elmi fəaliyyətini Azərbaycanşünaslıqdan ümumtürkoloji müstəviyə uzanan geniş elmi yol kimi xarakterizə edərək bildirib ki, o, türk dillərinin müqayisəli-tarixi tədqiqində yeni elmi sistem formalaşdırıb.
E.Əzizov akademik Tofiq Hacıyevi yalnız böyük alim deyil, həm də güclü pedaqoji məktəb yaradan müəllim kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, akademik T.Hacıyevin yetişdirdiyi tələbələr bu gün Azərbaycan elminin müxtəlif sahələrində aparıcı mövqelərdə fəaliyyət göstərirlər və onun elmi ənənəsini davam etdirirlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Sərdar Zeynal akademik Tofiq Hacıyevin elmi irsinin Azərbaycan və ümumtürk filoloji düşüncəsində strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Bildirib ki, onun yaratdığı elmi məktəb zaman keçdikcə daha da dərinləşən və inkişaf edən intellektual sistem kimi mövcudluğunu davam etdirir.
Sonda ailə üzvləri adından çıxış edən mərhumun oğlu Azər Hacıyev görkəmli alim, akademik Tofiq Hacıyevin 90 illik yubileyinə həsr olunmuş tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi üçün göstərilən diqqət və qayğıya görə təşkilatçılara dərin minnətdarlığını bildirib. O, bu cür tədbirlərin akademik Tofiq Hacıyevin zəngin elmi irsinin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb və iştirakçılara təşəkkür edib.
Yubiley tədbiri akademik Tofiq Hacıyevin xatirəsinə dərin ehtiramın ifadəsi və onun Azərbaycan elminə verdiyi misilsiz töhfələrin bir daha təsdiqi ilə başa çatıb.
Qeyd edək ki, dilçi, türkoloq-alim, Azərbaycanın maarif naziri vəzifəsində çalışmış Tofiq Hacıyev 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Tofiq Hacıyev təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında nüfuzlu dilçi alim kimi tanınıb. Akademik Tofiq Hacıyevin həyat yoluna nəzər saldıqda onun milli təəssübkeş ziyalı, təpədən dırnağa qədər əsl elm adamı olduğunu görürük. Tofiq müəllim sağlığında ədəbi məktəb yaratmış alimlərdəndir. Professor Tofiq Hacıyev müəllim- pedaqoq kimi də sevilib. Türkiyəli alim Yavuz Donat "Hocaların hocası" məqaləsində akademik Tofiq Hacıyevdən bəhs edərkən Azərbaycanda ona "Hocaların hocası (“Müəllimlərin müəllimi”) kimi xitab olunduğunu haqlı olaraq vurğulayır.
Bu gün görkəmli dilçi-alim, akademik Tofiq Hacıyev aramızada olmasa da onun ədəbi məktəbinin nümayəndələri müxtəlif sahələrdə tədqiqatlar apararaq dilçiliyimizi inkişaf etdirirlər. Tofiq Hacıyev 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) müəllim və dosent vəzifələrində çalışıb, 1968-ci ildən isə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətini davam etdirib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub. 1984-cü ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycanın maarif naziri vəzifəsində işləyib. Böyük alim və dəyərli ziyalı təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.