08 may 2026 19:04
98

Xəzər suitiləri niyə kütləvi şəkildə məhv olur?..

Qlobal istiləşmə tendensiyası bütün ekosistemlərdə, o cümlədən Xəzər dənizində də fəsadlar baş verir. Hazırda dünyanın ən böyük qapalı su hövzəsininin - Xəzər dənizinin ən böyük problemi su səviyyəsinin kəskin enməsidir. Xəzər dənizində suyun səviyyəsinin tərəddüd etməsi tarixi bir faktdır. Lakin hazırki enmə prosesi həm sürətinə, həm də fəsadlarına görə əvvəlki dövrlərdən köklü şəkildə fərqlənir. Bu proses nəticəsində dəniz sahildən xeyli uzaqlaşıb. Baş verənlər onu göstərir ki, dənizin səviyyəsi sürətlə aşağı düşür və bunun qarşısinin alınması hələlik mümkün görünmür.  Qeyd edək ki, müxtəlif qiymətləndirmələrə və proqnozlara əsasən, 2050-ci ilə qədər Xəzər dənizində suyun səviyyəsi 8-21 metr aralığında azala bilər. Bu mənada son illərdə Xəzərin ekoloji tarazlığı ciddi sınaqlarla üz-üzə qalıb. Yeri gəlmişkən, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi son illər regional və qlobal miqyasda ciddi ekoloji problem kimi diqqət mərkəzindədədir. Mütəxəssislər bununla bağlı müxtəlif fikirlər səsləndirirlər.

“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu, Xəzərin faunasına öz təsirini göstərməkdədir: “Elə Xəzər dənizinin faunasında məməlilərin yeganə nümayəndəsi olan Xəzər suitilərinin  kütləvi şəkildə məhvinin bir səbəbini də bu faktorda axtarmaq lazımdır. Belə ki, Xəzərin çəkilməsi nəticəsində dənizin müxtəlif qatlarında yaşayan bu və ya digər heyvan növləri, o cümlədən suitilər üçün olan əlverişli yaşam tərzi pozulur. Yəni, yem çatışmalığı baş verir, suyun temperaturu dəyişir. Suyun temperaturunun dəyişməsi ilə əlaqədar dəniz suyunda oksigenin miqdarı azalır və bu da zərərli bakteriyaların, virusların və toksik yosunların sürətlə artmasına rəvac verir. Bu şəraitdə suitilərin immun sistemi zəifləyir. Dəniz səviyyəsinin aşağı düşməsi ilə kiçik balıqların sayının azalması qida ehtiyatının da azalmasına səbəb olur. Məlumdur ki, Xəzərdə suitilərin əsas qidası sayılan balıqların  sayı da kifayət qədər azalıb. Bu mənada Xəzər dənizindəki ekoloji şərait suitilər üçün qənaətbəxş deyil. Elə onların kütləvi şəkildə məhvinin əsas səbəbi budur. Obrazlı şəkildə desək, suitilər dənizdəki mənfi dəyişikliklərin ilk qurbanıdır”.

Sahilboyu ərazilərdə, xüsusən Şimali Xəzər və Abşeron yarımadası sahillərində yüzlərlə suiti cəsədinin tapılmasının həm cəmiyyəti, həm də elmi dairələri ciddi şəkildə narahat etdiyini vurğulayan müsahibimiz, həmçinin bildirdi ki, suitlərinin kütləvi şəkildə məhvinin digər səbəbi isə dənizin sənaye tullantıları, təmizlənməmiş kanalizasiya, neft sızmaları və plastik tullantılarla zəhərlənməsi ilə əlaqədar ola bilər: “Bütün bu sadaladıqlarım onlar üçün dözülməz həyat şəraiti yaradır. Göründüyü kimi, burada sırf insan amili yoxdur. Onu da deyim ki, suitilərin kütləvi tələf olması yalnız bir növün yox olması demək deyil, bu hal həm də bütün Xəzər ekosisteminə təsir edir. Unutmayaq ki, yalnız Xəzərdə rast gəlinən Xəzər suitisi dənizin bioloji təmizliyinin tənzimləməsində önəmli rol oynayır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”